AMEA və Qafqaz Universiteti bir araya gəldi

13 Jan 2014 16:37
AMEA və Qafqaz Universiteti bir araya gəldi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin müşaviri, İnnovasiya şöbəsinin rəisi Rəhim Hüseynov Rəyasət Heyətində  Türkiyənin “ABC Danışmanlık Tanıtım ve Eğitim Ltd” şirkətinin rəhbəri Yekta Özözər, Qafqaz Universitetinin prorektoru dosent Şahin Durmaz və universitetdə “QUTexnopark”ın müdiri dosent İsa Qasımovla görüşüb. AMEA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, Qafqaz Universitetinin dəvəti ilə Bakıda səfərdə olan Yekta Özözər AMEA-nın Rəyasət Heyətinin innovasiya sahəsində apardığı islahatlarla maraqlanmış, bu sahədə fikir mübadiləsi aparılıb.

Tərəflər AMEA ilə Qafqaz Universiteti arasında əməkdaşlığın vacibliyini vurğulamış və bu əlaqələrin innovasiya sahəsində birgə işlərin inkişafına töhfə verəcəyi əminliklə bildiriblər.

Qeyd edək ki, ötən həftə Bakıda Qafqaz City Hoteldə Y.Özözərin təqdimatında “İnnovasiya” adlı seminar keçirilib.