Yeni Fikir”in tərəfdaşlığı ilə keçirilən “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramı uğurla başa çatdı
Proqram Enterprise Azerbaijan portalı tərəfindən, “Startup School 3” layihəsi çərçivəsində həyata keçirilib.
Noyabrın 21-də Azərbaycan İnnovasiya Mərkəzində təşkil edilən “Demo Day” akselerasiya proqramının final mərhələsi olub.
“Demo-day”də Azərbaycan və Türkiyədən olan 30-dan çox startap innovativ layihələrini təqdim edib. Yaşıl enerji, rəqəmsal texnologiyalar, aqrar innovasiyalar, süni intellekt, təhsil, tibb, turizm və digər sahələri əhatə edən həllər sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Münsiflər heyətində Azərbaycan, Malta, ABŞ və Türkiyədən olan vençur fondlarının nümayəndələri yer alıb. “Yeni Fikir” MMC-nin Biznesin İnkişafı və İnnovasiyalar üzrə direktoru Telman Mustafayev də münsif qismində çıxış edərək startapların qiymətləndirilməsinə töhfə verib.
Tədbirdə İİTKM-in icraçı direktoru professor Vüsal Qasımlı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov və digər dövlət qurumlarının rəhbərləri çıxış edərək ölkənin innovasiya ekosistemində görülən işlər barədə danışıb.
Ardınca “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov proqramın məqsədləri, mərhələləri və əldə olunan nəticələr barədə təqdimatla çıxış edib.
Proqramda iştirak edən Agro Gemtin, Smart Bin, The Bioplastic, Green Guest, SoilCredit, Zeuph və Science Delta komandalarına əlavə təqdimat imkanı yaradılıb.
Qaliblər:
I yer — Agro Gemtin
II yer — Smart Bin
III yer — The Bioplastic
Bundan əlavə, ABŞ tərəfdaşı Synapses Ventures tərəfindən 2 startap komandasına Silikon Vadisində tam təqaüdlü proqramlarda iştirak hüququ verilib.
Akselerasiya proqramına ümumilikdə Azərbaycan, Türkiyə, Gürcüstan, Qırğızıstan, Pakistan və Cənubi Koreyadan 140 startap müraciət edib, onların 126-sı təlim və mentorluqdan yararlanıb, 34 startap isə proqramdan məzun olaraq finala çıxıb.
“Yeni Fikir” MMC olaraq akselerasiya proqramında iştirak edən bütün startapları təbrik edir, onların regional innovasiya ekosisteminin inkişafında mühüm rol oynayacağına inanırıq.





