Yenifikir VI startap müsabiqəsi BP Azərbaycan şirkətinin maliyyə dəstəyi və Bakı Mühəndislik Universitetinin (BMU) təşkilatçılığı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Asan İnnovasiyalar Mərkəzinin INNOLAND Incubation & Acceleration Center-in tərəfdaşlığı ilə həyata keçirilib.
“Yeni Fikir” startap müsabiqəsi innovativ sahibkarlığın (təşəbbüskarlığın, startapların və ya texnosahibkarlığın) inkişafını dəstəkləyən və təşviq edən bir layihədir. Müsabiqənin əsas məqsədi startap ekosisteminə yeni biznes layihələrinin daxil olmasına kömək etmək və Azərbaycanda aparılan iqtisadi islahatların ən aktual istiqamətlərindən biri olan innovativ sahibkarlığın formalaşmasına dəstək verməkdir.
İndiyədək 5 dəfə keçirilən müsabiqəyə ümumilikdə 842 startap layihəsi təqdim edilib. Onlardan 100-dən çoxunun inkişafına bilavasitə dəstək verilib, 35 layihəyə isə sponsor və tərəfdaşların köməyi ilə toxum investisiya və inkubasiya xidmətləri də göstərilib.
Bu ilki müsabiqədə 118 layihə iştirak edib. Onlardan 36-sı yarimfinala, 12 layihə isə finala vəsiqə qazanıb.
“Yeni Fikir VI” müsabiqəsi çərçivəsində Bakı, Sumqayıt və Gəncə şəhərlərində 1000-ə yaxın biznes təşəbbüskarına ümumilikdə 46 saat təlim keçilib və 271 saat mentorluq xidməti göstərilib.
Müsabiqənin finalında bu mərhələ üçün seçilmiş 12 startap layihəsi arasından ən perspektivli 5-i qalib elan olunub. 1-ci yerə layiq görülən layihəyə (WASCO-Smart Waste Collection System layihəsi) 8000 manat, 2-ci yeri qazanan layihəyə isə (11 Delivery layihəsi) 6000 manat maliyyə dəstəyi ayrılıb. Bu maliyyə dəstəyi həmin layihələrin əsasını təşkil edən biznes ideyasının kommersiyalaşdırılmasına və şirkətləşməsinə sərf edilmək üçündür.
Qalib layihələrin (5 startap layihəsi – “WASCO”, “11delivery.com”, “Nanomaterial qatılmış yüksek keçirici naqil” , “TermoNorth” və “BETA-KİDS Education kit” layihələrinin) inkişafı həmçinin BEU Technopark and Innovation Center və INNOLAND Incubation & Acceleration Center-də inkubasiya və akselerasiya xidmətləri ilə təmin edilib.