“My Technology” müsabiqəsinin finalçıları BMU-nun laboratoriyaları ilə tanış olublar “My Technology” müsabiqəsinin finalçıları olan şagirdlər və onlara mentorluq edən müəlllimlər Bakı Mühəndislik Universitetinin kampusu, geniş elmi-tədqiqat imkanlarına malik laboratoriyaları ilə tanış olublar.
Müsabiqənin əhatə etdiyi Abşeron-Xızı, Naxçıvan Muxtar Respublikası, Gəncə-Daşkəsən, Dağlıq Şirvan və Quba-Xaçmaz regionlarının ümumi təhsil müəssisələrindən olan 10-11-ci sinif şagirdlərinə laboratoriyaların iş prinsipi, müasir avadanlıqları, burada aparılan təcrübələr barədə ətraflı məlumat verilib. Həmçinin yeni açılan Kibertəhlükəsizlik laboratoriyasının tədris prosesində, informasiya texnologiyaları sahəsinin əyani öyrənilməsində rolu və əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, ümumilikdə bütün laboratoriyalar BMU-da təhsil alan tələbələrin nəzəri biliklərinin praktikada möhkəmlənməsinə əlverişli imkanlar yaradır.
Maddi-texniki baza ilə tanışlıq zamanı məktəblilərdə maraq doğuran suallara da aydınlıq gətirilib.
BMU-da tədris üçün yaradılmış şəraitdən məmnun qalan şagirdlər innovasiya ekosisteminin formalaşması və inkişafına töhfə vermək məqsədilə universitetin həyata keçirdiyi layihələri, bu layihələrdə yuxarı sinif şagirdlərinin iştirakının təmin olunmasını, onların startap ideyalarına göstərilən dəstəyi yüksək qiymətləndiriblər.