YFM qalibinin yeni uğuru

12 Jul 2016 12:45
YFM qalibinin yeni uğuru

Qafqaz Universiteti Texnoparkı tərəfindən təşkil olunan Yeni Fikir Müsabiqəsinin qaliblərindən “Braille Pad” layihəsinin müəllifi Rəşid Əliyev “Braille Tech” adlanan azyaşlı görmə qüsurlu insanlar üçün yeni interaktiv cihaz hazırlamışdır. 3-6 yaşlı uşaqlar üçün "Braille" əlifbası ilə yanaşı, nəticəsi 9-a qədər olan riyazi toplamalar və 7 oyun təklif edən cihaz hazırda rus dilində olsa da, onun gələcəkdə dünyada ən çox istifadə olunan 5 dil, həmçinin Azərbaycan dilində də proqramlaşdırılması nəzərdə tutulub. 
Oyuncaq formasında olan qurğu səs dəstəyi ilə çalışır. Azərbaycan Respublikası Təhsil Nazirliyi də icada maraq göstərərək cihaz üçün 5 saylı xüsusi məktəbə 3 ay sınaq müddəti təyin edib. Bu sınaq müddətinin sonunda qurğu yararlı olarsa, həmin məktəb üçün 20 ədəd sifariş planlaşdırılır. Yerli bir bank isə ilk 5 prototipin hazırlanmasının xərclərini boynuna götürüb. Almaniyada bu sahədə ixtisaslaşan universitet və Ukrayna Gözdən Əlillər Cəmiyyəti də cihazın sifarişi üçün təkliflər irəli sürüb. Bütövlükdə isə, 15.000 ədəd sifariş alınmışdır.  
Cihazın kütləvi istehsalına başlamaq niyyətində olan Rəşid Əliyev bunun üçün 250 000-300.000 dollara ehtiyac olduğunu bildirir. 
Qeyd edək ki, layihəyə sosial öhdəlik olaraq yanaşan Rəşid bəy cihazı ilkin olaraq maya dəyərində satışa çıxarmağı planlaşdırır. Sahə üzrə yeganə tam funksionallı icadın ilkin qiyməti bu halda 20-22 dollar olacaq.
Nəzərinizə çatdırırıq ki, “Braille Pad”layihəsi Qafqaz Universiteti Texnoparkının (QUTexnopark) həyata keçirdiyi Yeni Fikir 2015 Müsabiqəsində dördüncü yeri qazanaraq ilkin investisiyanı əldə etmişdir və bunun ardınca qatıldığı yerli, həmçinin beynəlxalq tədbirlər vasitəsilə bir çox investorun marağına səbəb olmuşdur. 
“Braille Tech” layihəsinin görmə qüsurlu azyaşlı insanların cəmiyyətə daha rahat inteqrasiyasına şərait yaradacağına inanır və komandaya uğurlar arzulayırıq.


Əsmər Həşimli