“Yeni Fikir” startap müsabiqəsi

01 Apr 2019 07:37
“Yeni Fikir” startap müsabiqəsi

Azərbaycanda innovasiya ekosisteminin formalaşmasında, o cümlədən startapların inkişafında xüsusi rol oynayan Bakı Mühəndislik Universiteti (BMU) bu sahədə BP şirkəti ilə əməkdaşlıq edir. Belə ki, 6-cı dəfə keçirilən “Yeni Fikir” startap müsabiqəsi BMU-nun təşkilatçılığı və BP-nin maliyyə dəstəyi ilə həyata keçirilir.

 

“Yeni Fikir” startap müsabiqəsi innovativ sahibkarlığın (startapların, texnosahibkarlığın və ya biznes təşəbbüskarlığının) inkişafını dəstəkləyən layihədir. Müsabiqə Azərbaycanda həyata keçirilən ən böyük startap müsabiqəsi hesab olunur. İndiyə kimi, 5 dəfə keçirilən “Yeni Fikir” startap müsabiqəsində 842 startap layihə qiymətləndirməyə cəlb edilib ki, onlardan 100-dən çoxunun inkişafına bilavasitə dəstək verilib. 35 layihənin inkişafı isə toxum investisiya və inkubasiya xidmətləri ilə dəstəklənib.

 

BP şirkəti “Yeni Fikir VI” startap müsabiqəsini maliyyələşdirməklə Azərbaycanda aparılan islahatların ən aktual istiqamətlərindən hesab olunan, innovativ ekosistemin güclənməsinə ciddi töhfələr verməyi hədəfləyib.

 

BP-nin maliyyə dəstəyi ilə keçiriləcək “Yeni Fikir VI” startap müsabiqəsi əvvəlki müsabiqələrdən fərqli olaraq, həm də ekosistemə yeni startapların daxil olmasını təmin edir. Belə ki, ayrılan maliyyə dəstəyi ilə keçiriləcək təlim və mentorluq proqramları ilə mövcud startapların güclənməsini təmin etməklə yanaşı, yeni startap layihələrinin formalaşması və inkişafı da dəstəklənir. Bu məqsədlə BMU ilə yanaşı, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texnologiya Universiteti (UTECA) və digər ali təhsil müəssisələrində, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və digər təşkilatlarda təlim və mentorluq tədbirləri keçirilir. Təlim və mentorluq proqramlarına, həmçinin layihələrin qiymətləndirilməsi prosesinə innovativ ekosistemdə tanınmış mütəxəssislər və peşəkarlar cəlb olunub. Bu cür tədbir və yanaşmalar, mövcud startapların güclənməsinə səbəb olmaqla yanaşı, yeni startapların da formalaşmasına köməklik edir.

 

Qalib gəlmiş 5 startap layihələrinin şirkətləşməsi prosesi inkubasiya və ya akselerasiya proqramlarının tətbiqi ilə aparılacaq. İnkubasiya və ya akselerasiya proqramlarının tətbiqi əsasən BMU Texnoparkı və “İnnoland” İnnovasiya Mərkəzində təmin edilməsi nəzərdə tutulub. Bu zaman layihələrin şirkətləşməsi yolunda zəruri addımlar da BP-nin ayırdığı maliyyə imkanları ilə dəstəklənəcək. Belə ki, BP-nin ayırdığı maliyyə dəstəyi hesabına 1-ci yeri qazanan startap komandası 8000 manat, 2-ci yeri qazanan startap komandası isə 6000 manat maliyyə dəstəyi alacaq.

 

Qeyd edək ki, “Yeni Fikir VI” startap müsabiqəsi 7 ay müddətində (mart-sentyabr) həyata keçirilir. “Yeni Fikir VI” startap müsabiqəsi haqqında ətraflı informasiya almaq üçün, həmçinin startap layihələrinin qeydiyyatı üçün yenifikir.az elektron səhifəsindən istifadə etmək olar.

 

Müşfiq MİRZƏ,

“Respublika”.

http://www.respublica-news.az/22213-yeni-fikir-startap-musabigaesi