Bakı Mühəndislik Universitetində "Yeni fikir VI" startap müsabiqəsi keçirilir

29 Mar 2019 07:45
Bakı Mühəndislik Universitetində "Yeni fikir VI" startap müsabiqəsi keçirilir

Bakı Mühəndislik Universitetinin (BMU) təşkilatçılığı və BP şirkətinin maliyyə dəstəyi ilə ali məktəbdə 6-cı dəfə "Yeni fikir" startap müsabiqəsi keçirilir.

 

AZƏRTAC xəbər verir ki, "Yeni fikir" startap müsabiqəsi innovativ sahibkarlığın (startapların, texnosahibkarlığın və ya biznes təşəbbüskarlığının) inkişafını dəstəkləyən layihədir. Müsabiqə ölkəmizdə həyata keçirilən ən böyük startap müsabiqəsi hesab olunur. İndiyə kimi "Yeni fikir" startap müsabiqəsində 842 startap layihə qiymətləndirməyə cəlb edilib ki, onlardan 100-dən çoxunun inkişafına bilavasitə dəstək verilib. 35 layihənin inkişafı isə toxum investisiya və inkubasiya xidmətləri ilə dəstəklənib.

 

“Yeni fikir VI” startap müsabiqəsi əvvəlki müsabiqələrdən fərqli olaraq, həm də ekosistemə yeni startapların daxil olmasını təmin edir. Belə ki, keçiriləcək təlim və mentorluq proqramları ilə mövcud startapların güclənməsini təmin etməklə yanaşı, yeni startap layihələrinin formalaşması və inkişafı da dəstəklənir. Bu məqsədlə BMU ilə yanaşı, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texnologiya Universiteti (UTECA) və digər ali təhsil müəssisələrində, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və digər təşkilatlarda təlim və mentorluq tədbirləri təşkil edilir.

 

Müsabiqə bir neçə mərhələdə keçirilir. Finala vəsiqə qazanan startap komandalardan ən perspektivli 5 layihə seçilir və qalib olaraq elan edilir. Ən perspektivli startap layihələri kimi qalib komandalar investorlara və geniş ictimaiyyətə təqdim olunacaq. Qalib gəlmiş 5 startap layihənin şirkətləşməsi prosesi inkubasiya və ya akselerasiya proqramlarının tətbiqi ilə aparılacaq. Layihələrin şirkətləşməsi yolunda zəruri addımlar BP-nin ayırdığı maliyyə imkanları ilə dəstəklənəcək. Belə ki, 1-ci yeri qazanan startap komandası 8000 manat, 2-ci yeri qazanan komanda isə 6000 manat maliyyə dəstəyi alacaq.

 

Qeyd edək ki, "Yeni fikir VI" startap müsabiqəsi 7 ay müddətində (mart-sentyabr) həyata keçirilir.

 

https://azertag.az/xeber/1262481