"GrowthCoachBaku Ideation Lab" startap koçing və mentorluq programı başa çatdı

23 Dec 2016 18:53
"GrowthCoachBaku Ideation Lab" startap koçing və mentorluq programı başa çatdı

Qafqaz Universiteti Texnoparkında (Qutexnopark) fəaliyyət göstərən "Social Innovation Lab" layihəsi tərəfindən "GrowthCoachBaku Ideation Lab" startap koçing və mentorluq programı 2016-cı il Sentyrabrın 16-dan başlamaqla, 15 həftə müdətində davam etmişdir. Proqram müddətində keçirilən sessiyalarda 100-ə yaxın magistr və bakalvr tələbəsi, həmçinin universitetdən kənar peşəkarlar iştirak etmişdir. İştirakçılar müasir startap modellərini və startap qurulmasının metodlarını öyrənməklə yanaşı, həm də öyrəndiklərini 15 həftə ərzində praktiki tətbiq edərək proqram müddətində öz startap layihələrini qurmuşdular. İştirakçılar əsasən Qafqaz Universiteti mənsubu olsa da, digər universitet və ya təşkilatlardan da gələnlər olmuşdur.

 

Dekabr ayının 23-də isə "GrowthCoachBaku Ideation Lab" startap koçing və mentorluq programının final mərhələsi  keçirildi. 11 startap komandasının yarışdığı finalda münsiflər heyəti 3 komandanın işini fərqləndirdi. Belə ki, birinci yerə "SAFelektrik", ikinci yerə "Qaramel Comics", üçüncü yerə isə "iJobsOffer" startap layihələri layiq görüldü.

 

Qalib gələn layihələr Qutexnopark-dan inkubasiya xidmətləri imkanına sahib oldular.  Belə ki, həmin layihlərin inkişafı Qutexnopark-da fəaliyyət göstərən İnkubasiya Mərkəzində və 2017-ci ilin Fevral ayında start veriləcək 6 aylıq "Launchpad Incubator" inkubasiya proqramında davam etdiriləcək.  

 

Qeyd edək ki, "GrowthCoachBaku Ideation Lab" startap koçing və mentorluq programının final mərhələsində münsiflər heyətinin üzvləri olaraq, Qafqaz Universitetinin (o cümlədən Qutexnopark-ın) və "Azercell Telekom MMC" şirkətinin nümayəndələri təmsil olunmuşdular. "GrowthCoachBaku Ideation Lab" proqramının rəhbəri isə Qutexnoparkda Biznesinin İntellekti Meneceri Cəsur Həsənov idi.