Qafqaz Universitetinin Texnoparkında Tədqiqat Mərkəzinin açılışı olub

17 Dec 2015 20:51
Qafqaz Universitetinin Texnoparkında Tədqiqat Mərkəzinin açılışı olub

Bu günlərdə regionun ən böyük informasiya texnologiyaları şirkətlərindən olan Türkiyənin “Koçsistem” şirkəti ölkə xaricində ilk araşdırma mərkəzini təsis etdi. İnformasiya texnologiyaları sektorunun müxtəlif sahələri üzrə innovasiyaların formalaşdırılması və tətbiqi ilə tanınan “Koçsistem” Qafqaz Universiteti Texnoparkında qurduğu Araşdırma Mərkəzində bu ali təhsil müəssisəsinin də potensialından faydalanaraq, Azərbaycan və region ölkələrində xidmət göstərməyi planlaşdırır.

Açılış mərasimində çıxış edən Qafqaz Universitetinin rektoru professor, doktor Ahmet Saniç bildirib ki, iqtisadi cəhətdən güclü ölkələrin güclü də universitetləri olur. Güclü universitet olmanın ən önəmli şərtlərındən biri iş dünyası və güclü sənaye qurumları ilə əməkdaşlıq etməkdir. Bu əməkdaşlıq iqtisadi və sənaye yönündə ölkənin inkişafını təmin edəcək. Bu gün də Texnoparka müasir qurğular quraşdırmaqla Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı istiqamətində tapşırıqlarına öz töhfəmizi vermək niyətindəyik. “KoçSistem Azərbaycan”ın rəhbərliyinə bu işdə bizə dəstək olduqları üçün təşəkkür edirəm.

“KoçSistem Azərbaycan” şirkətinin baş direktoru professor, doktor Ali Bülent Kutvan qarşılıqlı əməkdaşlığrın uğurlu perspektivlərindən bəhs edərək, ölkədə yüksək texnologiyaların inkişafına veriləcək töhfələrdən danışdı. Qafqaz Universiteti Texnoparkında “KoçSistem Azərbaycan” MMC-nin açdığı Tədqiqat Mərkəzinin əsas mədsədi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının reallaşmasında iştirak etmək, ölkənin rəqəmsallaşması prosesinə dəstək verməkdir. Həmçinin Azərbaycanın bütün bölgələri, ümumiyyətlə Qafqaz bölgəsi üçün özəl və dövlət qurumları üçün idarəetmə modelləri təqdim etməyə hazırlaşırıq. Biz xidmətimizi daha da genişləndirib, qlobal bazara çıxmağı düşünürük. Hədəfimiz yerli məhsullar istehsal etmək və bunu Azərbaycan adı ilə dünyaya təqdim etməkdir.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri,  akademik Ziyad Səmədzadə bildirdi ki, bu gün Azərbaycan sənayesinin tarixində belə bir hadisənin baş verməsi mərasimində iştirak etdiyimə görə çox şadam. Məndən əvvəl çıxış edənlər dünya miqyasında normal fəaliyyət göstərmənin şərtlərini göstərdilər. Təbii ki, bu şərtlərdən biri də rəqabətə davamlı iqdisadiyyat və sənaye sahəsi yaratmaqdır. Azərbaycanda bu istiqamətdə son illərdə çox işlər görülmüşdür. Qlobal sarsıntılara baxmayaraq Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir, neft faktorundan asılılığın azaldılması istiqamətində ciddi addımlar atılır və cənab Prezidentin təhsilin inkişaf strategiyası ilə bağlı imzaladığı sərəncamda da göstərilir ki, təhsil real iqtisadi həyatla əlaqələndirilməlidir. Qafqaz Universiteti dünyanın aparıcı ali təhsil müəssisələrindən birinə çevrilmək ərəfəsindədir. Biz çox sevinirik ki, artıq burada - Abşeron rayonunda böyük gələcəyi olan bir universitet yaradılıb və yarandığı gündən innovativ düşüncələr istiqamətində də böyük işlər görülür.

“Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev qeyd etdi ki, altı ildir Qafqaz Universiteti ilə sıx əməkdaşlıq edirik və buraya yaxşı bir kadr mənbəyi kimi də baxırıq. Qafqaz Universitetinin məzunlarından onlarca mütəxəssis artıq “Azərikimya” -nın zavodlarında çalışır. Biz həmin kadrların hazırlığından çox razıyıq. Hesab edirəm ki, bugünkü açılış, Texnoparkın inkişaf etdirilməsi universitetin maddi-texniki bazasının genişləndirilməsinə və bu da tələbələrin hazırlıq səviyyəsinin artırılmasına təkan verəcəkdir. İnanıram ki, bugünkü açılış, iş dünyası ilə universitet əlaqələri daha da inkişaf etdiriləcək və kimya sənayesində zəruri kadrların hazırlanmasına da kömək göstərəcək.

Sonda mərkəzin açılışını bildirən qırmızı lent kəsildi və qonaqlar tədqiqat mərkəzi ilə tanış oldular. Qeyd edək ki, “Koçsistem” Qafqaz Universiteti Texnoparkında fəaliyyət göstərən müxtəlif şirkətlərdən biridir.

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.

http://xalqqazeti.com/az/news/news/65538#