"Chamadan" Coffee House

28 Mar 2015 11:11
"Chamadan" Coffee House

"Chamadan"la durmadan irəli...
Bu dəfə layihələri haqda məlumat verəcəyimiz şəxslər "Chamadan" Coffee House təsisçiləri, Qafqaz Universiteti Biznesin təşkili və idarə edilməsi bölümü son kurs tələbələri Nərmin Yardımlı və Nigar Mövsümlüdür. Kofeyə hər zaman böyük marağı olan tələbələrimiz hər zaman bir yeniliyə imza atmaq arzusunda olmuşlar. Belə ki, həyatları boyu iz qoymaq əsas öncəlikləri olub. Və bu atdıqları hər addımda təzahür edib. 4 il öncə tanış olmuş tələbələrimiz arzularını gərçəkləşdirmək üçün bir yerdə yola çıxmaq qərarına gəlmiş və daim qarşılarına sonradan uğurla müvəffəq olduqları məqsədlər qoymuşlar.

Möhkəm iradənin bəhrəsi...
Onların bu layihəni ərsəyə gətirmə hekayələri isə olduqca maraqlıdır.
Keçən il Litvada sahibkarlıq yarışında iştirak etdikləri zaman onlar dar küçələrdən keçərkən yüksək keyfiyyətli kofenin ecazkar ətrini hiss etmiş və bundan ilham almışlar. Əslində onlar öz layihələrini şəhərdə səyyar maşınla başlatmaq fikrində idilər. Lakin bunu Bakıda  həyata keçirmək üçün sərmayələri yetmədi. 69.000 manatlıq yatırım tələb edən layihəni reallaşdırmaq üçün bir neçə investorla görüşdülər. Bu arada bir müddətdir ki, Nigar və Nərmin xanım beynəlxalq audit və konsultasiya firmalarından birində çalışmaqdadırlar. Təhsil aldıqları müddət ərzində daim qiymətlərinin yüksək olmasına diqqət etdikləri halda, investorlar bununla maraqlanmayıb sadəcə təcrübənin olub-olmaması ilə bağlı sual verirdi. Onların isə yeganə silahı kofe sevgisi idi. Lakin bu sevgini hiss edib inanan bir investor onları sınaqdan keçirəcəyini və yalnız sınaqdan uğurla keçdikləri halda yatırım edəcəyini bildirdi. Onu inandırmaq, həm də şəhərciyin daha da canlanması üçün layihəyə ilk öncə Qafqaz universitetində başlamaq qərarına gəldilər. Beləliklə, kofeyə olan sevginin işığında bu işə start verdilər.

Şərq təbiəti, Avropa sakitliyi...
Startupçı tələbələrimiz başladıqları işin ilkin sərmayəsinin çox az (sadəcə iki tələbənin sərmayəsi) olmağına baxmayaraq, kofe neftdən sonra ən çox alınan məhsul olduğu üçün onun gələcəyinə inanırlar. Xalqımızın lokal biznes tərəfindən kofe kimi ləzzəti dadmaq haqqı olduğunu vurğulayan tələbələr "Chamadan" adının seçilməsində özlərinin səyahət sevgisinin mühüm rol oynadığını qeyd edirlər. Bayramdan sonra isə layihə Qafqaz Universitetində kafe halında fəaliyyət göstərəcək. Qeyd edək ki, istifadə olunan kofe yüksək keyfiyyətli italyan kofesidir, ancaq bundan başqa tələbələrimiz yaxın gələcəkdə "Chamadan"a özəl müxtəlif aromalar əlavə etməyi düşünürlər. Biskvitlər olduqca mehriban, bacarıqlı və təmizkar Rəhilə xala tərəfindən bişirilir.  Bundan əlavə tələbələrimizin məsləhətçisi onlara şans tanıyan investordur. Diqqəti xüsusilə cəlb edən məqamlardan biri də Azərbaycan qonaqpərvərliyinə malik xanımların geyim və tərz cəhətdən fərqli auraya malik olmasıdır. Buna "Şərq təbiəti, Avropa sakitliyi" kimi tərif verən tələbələrimiz təqdim etdikləri kofeni öz tərzlərinə uyğunlaşdırdıqlarını söyləyirlər.

Bu yolda öyrəndikləri...
Tələbələrimizin startup fəaliyyəti həyata keçirmək istəyənlərə məsləhəti isə ondan ibarətdir ki, cəsur olub ilk və ən əsas addımı atmağı bacarsınlar. Belə ki, "Ya öz ideyanın sahibi olacaqsan, ya da kiminsə ideyasının bir hissəsi olacaqsan."

Asmar Hashimli