Görmə qüsurlu insanlar üçün planşet hazırlanır

12 Mar 2015 21:04
Görmə qüsurlu insanlar üçün planşet hazırlanır

Azərbaycanlı bir qrup gənc görmə qüsurlu insanlar üçün nəzərdə tutulan planşetin hazırlanması üzərində işləyir. Layihə görmə qüsurlu insanların istifadə etdiyi Braille əlifbasından bəhrələnərək “Braille Pad” adlanır.

Bu barədə Xəbərlər-ə layihənin rəhbəri startapçı Rəşid Əliyev bildirib.

Rəşid Əliyev layihənin məqsədlərindən danışaraq  deyib ki, hədəf kütləsinə daxil olan görmə qüsurlu və tamamilə görmə qabiliyyətini itirmiş insanların cəmiyyətə inteqrasiyasının təmin olunması layihənin əsas istiqamətidir:

"Planşetlərin əsas istifadə obyektləri kimi gözdən əlillər üçün təhsil mərkəzləri, uşaq evləri, iş mərkəzləri və s. nəzərdə tutulur.
Planşetlərin asan istifadəsi və əlçatanlığı istənilən fərdi şəxsin də ondan rahatlıqla istifadəsinə səbəb olacaq. 
 Bu planşet vasitəsi ilə görmə qüsurlu insanlar tam sərbəst şəkildə online kitablar, məqalələr oxuyacaq, müxtəlif saytlara, hətta sosial şəbəkələrə daxil olaraq dostları ilə danışa və cəmiyyətə inteqrasiya ola biləcəklər”.

Onun sözlərinə görə, latın və digər əlifbaları Braille əlifbasına birbaşa keçirmə funksiyası ilə göz əliliyi olan insanlar bütün saytlarda və ya elektron kitablarda, sənədlərdə yazılan məlumatları, yazılanları asanlıqla oxuya biləcəklər.

Rəşid  Əliyev qeyde edib ki,  “Braille Pad” - in qiymətinin normal planşet ilə eyni qiymətdə olması nəzərdə tutulur.

 Məltəm Talıb

http://xeberler.az/new/details/gorme-qusurlu-insanlar-ucun-planset-hazirlanir--8589.htm