Qafqaz Universiteti gənc proqramçıları mükafatlandırdı

07 May 2014 09:37
Qafqaz Universiteti gənc proqramçıları mükafatlandırdı

Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin təşkil etdiyi AzRoboHack - I Respublika Robot Proqramlaşdırma yarışı başa çatıb.

Simsar.az xəbər verir ki, təşkilatçılar bu layihə ilə Azərbaycanda bir ilkə imza atıb. Müsabiqəya aprelin 14-ündə start verilib. 27 aprelə qədər davam edən qeydiyyat mərhələsində Qafqaz Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti və digər universitet tələbələrindən 55 komanda qeydiyyatdan keçib. Komandalardan yalnız 10-u finala vəsiqə qazanıb. 

3-4 may tarixlərində keçirilən təlimlərdə finalçılara, online seçim mərhələsində xüsusilə fərqlənən digər komandalara və İKTETM-in davamçılarına robototexnika, LEGO Education Set istifadə etməklə robot prototiplərinin hazırlanması və proqramlaşdırılması, leJOS, leJOS mühitində və vizual mühitdə LEGOların proqramlaşdırılması və digər mövzularda təlimlər keçirilib.

Finalın nəticələrinə görə:

I yer - Huggies komandası, mükafat 500 AZN
II yer - BDU-Tətbiqçi komandası, mükafat 300 AZN
III yerlər - RoboOlimp və Crerobotative komandaları, mükafat hər bir komandaya 200 AZN. Müsabiqədə iştirak edən digər komandalar iştirakçı sertifikatı ilə təltif olunublar.

Yekunda bütün komandalar İKT Elmi Tədqiqat Mərkəzinin gələcək layihələrinə qoşulmağa dəvət olunublar.
Qeyd edək ki, AzRoboHack - I Respublika Robot Proqramlaşdırma yarışı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunub.

Simsar.az