İnnovativ ideyalardan uğurlu biznesə uzanan yol

13 Mar 2014 12:32
İnnovativ ideyalardan uğurlu biznesə uzanan yol

Yalnız Azərbaycanda deyil, bütün dünyada perspektivli layihələr təqdim edən “startup”lara dəstəк verilir

Yalnız Azərbaycanda deyil, ümumilikdə bütün dünyada perspektivli layihələrin, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsi üçün ilk növbədə onlara dəstəyin göstərilməsi vacibdir. Layihələrin investorlara təqdim edilməsi, həmçinin investor axtarışına yardım edilməsinin özü də yeni başlayan “startup”ların ayağa qalxmasında kifayət qədər əhəmiyyət daşıyır. Cari ildə məhz belə bir platformanı yaradan “Startup Turkey - 2014”-də Azərbaycanın 7 “startup” layihəsi, o cümlədən “MultiBon”, “Manads”, “Modaha”, “Nettrends”, “Socset”, “VitalCV” və “Loupse” iştirak edib. Biznesin inkişafında dünyanın müasir maraqları və regional potensialları bir araya gətirən bu mühit bəs nə qədər məhsuldar və səmərəli oldu?

“Çözüm yolları geniş kütlənin probleminə həll ola bilirsə, ortaya atılan yeni iddia yeni şirkət qurulmasına vəsilə ola bilər”

Bununla bağlı fikirlərini, eyni zamanda “startup”çılara tövsiyələrini “Rabitə dünyası” ilə paylaşan “Startup Turkey -2014”-ün iştirakçısı, “QUTechnopark”ın müdiri İsa Qasımovun sözlərinə görə, səmərəli məqamları ilə zəngin keçən proqram heyrətləndirici olmaqla yanaşı, həm də çox faydalı oldu. Proqramda iştirak edərkən qeyd etmək istədiyim xeyli nüanslar olsa da, bəzilərini sizinlə bölüşürəm. Hər kəs rastlaşdığı problemlərin həlli yolunda irəliləyərkən müxtəlif həll yolları tapır. Çözüm yolları geniş kütlənin probleminə həll ola bilirsə, ortaya atılan yeni iddia gələcəkdə iddia sahibinin şirkətini qurmasına vəsilə ola bilir. İ.Qasımov qeyd edir ki, təşəbbüskar xarakterə malik insanda ehtiyac meyarının formalaşması onda şəxsi biznesini qurmaq istiqamətində ilk qığılcımların ortaya çıxmasına səbəb olur: “Həmçinin bu xarakterdən irəli gələn potensialın səmərəli istifadəsi təşəbbüskara aid şirkətin bazar payının artmasında mühüm rol oynayır”.

Qohum-əqrəba, valideynlər və dostlar təşəbbüskar potensiala qarşı

Təbii ki, insanın təşəbbüslə çıxış etməsi məsələnin yalnız bir tərəfidir. Təşəbbüsün ardınca daha önəmli olan amil insanın tərəddüdlü deyil, qəti, düzgün qərar vermə bacarığının olması, eyni zamanda rast gəlinən çətinliklərdən ilk məqamdaca geri çəkilməməsidir. Yəqin ki, hansısa fəaliyyətə başlamaq istərkən məsləhət almaq istədiyiniz şəxslərdən dəstəkverici sözlərin əvəzinə, ruhdan salan sözlər az eşitməmisiniz. Bu baxımdan, “QUTechnopark” rəsmisinin fikrinə görə, təşəbbüskar potensialın səmərəliliyini azaldan amillər eqo, qohum-əqrəba, bəzi hallarda valideynlər, bəzi hallarda isə dostlar və s.-dir.

“İş modelini başqasına izah edərkən çətinlik çəkirsinizsə, deməli, doğru adam ilə görüşməmisiniz”

İ.Qasımov hesab edir ki, təşəbbüskarlıqda mobillik də önəmlidir: “İş modelini başqasına izah edərkən çətinlik çəkirsinizsə, deməli, doğru adam ilə görüşməmisiniz. Davam edilə bilən iş modellərinin seçilməsi də önəmlidir. Həmçinin ideyanın inkişafında ekosistem vacibdir. Təşəbbüskarlıq dəstəklənməlidir və bu anlayış ədəbiyyatımıza daxil olduğu qədər qanunlarımıza da girməlidir. Təşəbbüskar olmayan tərəfdaşların problemlərində təsirlənməmək də əsas amildir. İnsanlar nə olursa olsun yeni ideyaları, təşəbbüsləri dəstəkləməlidirlər. Referansı - tövsiyə məktubu yoxdur deyə, onu dəstəkləməmək doğru deyil. Çünki məhz referansının olması üçün ilk olaraq biri dəstəkləməlidir”.

“Texnologiyanın sahəyə tətbiqində mübarizə daha da çətindir, amma vaz keçilməməlidir”

Mütəxəssis yeni təşəbbüskarların formalaşdırılmasını da vacib sayır: “Ailə və yaxın çevrə bunun üçün maarifləndirilməlidir. Texnologiyanın sahəyə tətbiqində mübarizə daha da çətindir. Prosesdə çətinliklər gedərək arta bilər, ancaq vaz keçilməməlidir. Çox insanla məsləhətləşməli və heç kəsin qərarını olduğu kimi qəbul etməməlisiniz. Öz bildiyiniz ən doğrusudur. Bu işi sizin qədər bilən yoxdur.

İnsanlar tərəfindən bir-birini dəstək kimi görüb, amma reallıqda dəstəklənməyən vəziyyətdən imtina etmək lazımdır. Bu, cəmiyyətin məsələsidir”.

“Startup”ların dostu ola bilən cəmiyyət inkişaf edəcək”

“Startup”ların dostu ola bilən cəmiyyət inkişaf edəcək. Bu fikri ilə bərabər İ.Qasımovun “startup”çılara digər tövsiyəsi belədir: “Tərəflərin məhsullarını istifadə edərək tanımaq lazımdır. “Startup”lara investisiyalar qoyulmalıdır. İnnovasiya müxtəlif zamanlarda “startup”larda öz yerini tapacaq. Başlıca “lokomotiv” isə istehlakçıdır. Rəqəmli istehlakçıların, eyni zamanda e-ticarətin rolu durmadan artır və artacaq. Yüksək texnoloji yanaşma sürətlə inkişaf edir. Bu önəmlidir - lokomotivdir”.

2020-ci ilin e-ticarət bazarında xəyali gəzişmə

Hər kəsi 2020-ci ilin e-ticarət bazarında xəyali gəzişməyə dəvət edən mütəxəssis bazarın gələcək mənzərəsini belə canlandırır: “2020-ci ildə e-ticarətin bazar payını təsəvvür etməyə çalışın: istehlakçıların tələbkarlığı artır və artmaqda davam edəcək. Offlayn və onlayn tərəflərin dəyərləri müqayisə edilsə, bazarın vəziyyətini daha yaxşı təsəvvür etmək olar. Hər gün yeni bir “startup”, yeni modellər, yeni məhsullar ortaya çıxır. Ancaq bunların nə qədəri uğurludur? Bunlar arasında qatma dəyəri yüksək olanlar uğurlu olacaq. Şirkətlər “startup”larla işbirliyi edərək böyüyə biləcəklər. Dünya praktikasında bunu müşahidə edirik. Bazar payı böyük olan firmaların “startup” yanaşmasına olan ehtiyacı daha böyükdür. Onlayn ödəmə zərurəti artır”.

Heç vaxt onlayn ödəmə etməyən tərəflərin böyük sıxıntısı

İnamsızlıq isə zərərli amillərdəndir. İ.Qasımov hesab edir ki, heç vaxt onlayn ödəmə etməyən tərəflərin sıxıntısı daha böyükdür: “Ancaq bir dəfə önlayn ödəmə etdikdən sonra bu baxış əksər hallarda dəyişir. “Startup” yanaşmanın qazandırdığı təcrübə insan gücünün, bu səmərəliliyin dəfələrlə artması deməkdir. Kadr hazırlığı işində təşəbbüskar yanaşma səmərəliliyi dəfələrlə artıracaq. Mobillik kartlardan qurtulmağa gətirəcək”.

“Startup”ları “qucaqlamaq” lazımdır”

İstehlakçının sayı və aktivliyi də önəmli amildir: “Startup”ları şəffaf ortamda dəstəkləmək, onları “qucaqlamaq” lazımdır. Onların inkişafı üçün cəsur qərarlar verilməli, lazım gəldikdə isə sponsor yanaşması əhəmiyyətlidir. “Startup”ın inkişafı üçün qabiliyyət də mühümdür. Uğur hekayələrini formalaşdıran cəmiyyətlər daha çox inkişafa layiqdirlər. Böyüməkdə olan və ya böyüməyə ehtiyacı olanların qabiliyyətli gücə ehtiyacı var. Sinqapurun təbii sərvətləri az olmasına baxmayaraq, güclü qabiliyyətlərə sahib insan gücü var. Yaponiyanin istedadlı insan potensialı var. İstedadlı insan gücü inkişafın xəbərçisidir. Gələcəkdə istedadlı insana daha çox ehtiyac olacaq. Hansı tərəfdən yanaşsan, istedad önəmlidir”.

Bizə hansı lazımdır: düşüncədə üfüqi baxış, yoxsa şaquli baxış?

İnnovativ tender sisteminin formalaşdırılmasını vacib sayan mütəxəssis hesab edir ki, bu baxımdan Silikon Vadisi nümunəsini öyrənmək faydalı olar: “İstedadlı idarəçilərin olması “startup”ların da inkişafı üçün vacibdir. Hər bir güclü fəaliyyətin arxasında istedadlı idarəçi axtarmalıyıq”.

“Bizə hansı lazımdır: düşüncədə üfüqi baxış, yoxsa şaquli baxış” sualına da aydınlıq gətirən İ.Qasımov qeyd edir ki, sənayenin səmərəli inkişafına nail olmaq üçün təşəbbüskarlıq ciddi şəkildə dəstəklənməlidir: “Əminəm ki, təşəbbüskar baxış, yanaşma sənayenin sürətli və səmərəli inkişafına zəmin verəcək. Sənayemizi beynəlxalq rəqabətə davamlı inkişaf etdirə bilmək üçün hansı formada ekosistem qurmalıyıq? Silikon Vadisində görülən işlərə əsaslanaraq məhsul istehsal edən şirkətlərlə eyni bazarda, dünya bazarında rentabelli ola bilmək üçün nə etməliyik? Fikrimcə, sənayemizi rəqabətli hala gətirə bilmək üçün, təhsilimizdə nəhəng layihələr tətbiq etməliyik. Məsələn, Türkiyədə tətbiq olunan “Fatih” layihəsi, Yaponiyada müəllimlərə verilən “İmperator müəllim” yanaşması və s”.

Yüksək texnologiyaların inkişafına yönləndirilən investisiya müsbət fərqlilik formalaşdıracaq

Dünya sərmayəsindən faydalana biləcək təşəbbüslərə doğru işlər də görülməlidir: “Ancaq bu, birdən-birə ola bilməz. Bunun üçün ölkədaxili ekosistem münbitləşdirilməli və inkişaf etdirilməlidir. Beynəlxalq təcrübənin öyrənilməsinə ciddi imkanlar tanınmalıdır. Ölkəni xarici investorlar üçün cazibə mərkəzinə çevirə bilmək önəmli yanaşmadır. Bu zaman yüksək texnologiyaların inkişafına yönləndirilən investisiya müsbət mənada fərqlilik formalaşdıracaq. Xarici investisiyanı cəlb edərkən emal sənayesinin inkişafına, həmçinin yüksək texnologiyaların inkişafına yönləndirə bilmək yüksək inkişaf etmiş ölkələrə xas olan yanaşmadır. Bu fərqliliyi Azərbaycanda sənayenin səmərəli inkişafı strategiyasında başlıca məqam kimi formalaşdıra bilmək önəmlidir. Bunun elm tutumlu sahələrin beynəlxalq rəqabətə davamlı inkişaf etdirilməsi ilə mümkün olacağı qənaətindəyəm”.

Elm tutumlu sahələrin inkişafı fonunda sərbəst bazar şərtləri mentorların inkişafına zəmin verəcək

Mütəxəssis düşünür ki, elm tutumlu sahələrin inkişafı fonunda sərbəst bazar şərtləri mentorların inkişafına zəmin verəcək: “Güclü mentor ölkənin ən önəmli sərvətləri hesab oluna bilər. Mentor rasional səmərəliliyi ilə ölkəyə böyük qazanc verən beyin gücünə malik şəxslərdir. Güclü mentorlara sahib ekosistemlərdə akademik işçilərin, o cümlədən professor, müəllim heyəti və ya tədqiqatçıların daha səmərəli nəticələri labüddür. Xarici investisiyanı cəlb edən önəmli məqamlardan biri də həmin ölkəni təmsil edən insan gücünün beynəlxalq konfranslarda təkcə intellektual davranışları ilə deyil, həm də mentorluq gücü ilə də ölçülür. Dünya elminə hakim olan dilə də əhəmiyyət verilməlidir”.

“Mənə filan qədər pul lazımdır yox, mən filan problemi həll etmək istəyirəm deməliyik

İ.Qasımovun sözlərinə görə, “startup”lar qlobal xarakterdə olmalıdır: “Bu, daha çox imkanlar qazandırır. Güclü “startup”lar bazar araşdırması zamanı dünya bazarını hədəf götürür. “Startup”lar üçün istehlakçı gücü önəmlidir. Ölkədaxili istehlakçı gücünün çox olması xarici bazardan asılılığı azaldan amillərdəndir. Məsələn, Çinin daxili tələbatı o qədər güclüdür ki, xarici ölkələr Çinə embarqo qoysalar belə, daxili istehlakçı gücü dövriyyəni canlı saxlaya bilər”. Mütəxəssis qeyd edir ki, həll edəcəyiniz problem aktualdırsa, bu özü sizə pul gətirəcək: “Mənə filan qədər pul lazımdır” deməməli, “Mən filan problemi həll etmək istəyirəm” deməliyik.

“Gecikməməliyik”

İ.Qasımov inkişaf etmiş və inkişaf etməmiş ölkələrdə “startup”lara maraqdan da söz açıb: “Yaponiyanın güclü firmalarından birinin qurucu ortağı Türkiyədə ofis açmaq fürsəti axtardığını ifadə edir. Güclü ölkələrin nümayəndələri burda investor ola biləcək formada iştirak edirlər. İnkişaf etmiş ölkə ilə inkişaf etməmiş ölkənin fərqi... Bəli, inkişaf etmiş ölkələr və ya güclü firmalar “startup”lara əhəmiyyət verdiklərini əyani formada nümayiş etdirirlər. Dünyanın məşhur mentorları qeyd edirlər ki, yaxın gələcəkdə bütün dünyada “startup”lar daha çox əhəmiyyət kəsb edəcək. Fikrimcə, bu, önəmli məqamdır. Gecikməməliyik. Şirkət idarəçiliyi daha çox hansı şəraitdə səmərəli inkişaf edə bilir? Kiçik “startup” firmasının sahibi belə, şirkət idarəçiliyi baxımdan özünü daha səmərəli yetişdirə bilir. Yaponiyada görüləcək işlər planlaşdırılaraq həyata keçirilir. Bəzi inkişaf etməmiş ölkələrdə isə sözlü yanaşma, yəni “hə, bir başlayaq görək necə olur?” prinsipi üstünlük təşkil edir”.

“İnkişaf etmiş və inkişaf etməmiş ölkələrin “startap” marağı: hərəkət edən bir qatarı dayandırmayacaqları aydındır”

Onun sözlərinə görə, risk amili və onun azaldılması yolları - ekosistemin gücü risk amillərinin vaxtında önlənə bilməsinə kömək edə biləcək: “İnkişaf etmiş ölkələr inkişaf etməmiş ölkələrdə “startup”ların inkişafında maraqlı olsalar belə, hərəkət edən bir qatarı dayandırmayacaqları aydındır. Dünya elə bir inkişaf dövrünü yaşayır ki, önə çıxan tərəflər “lokomotiv”i dayandırmağı və ya sürətini azaltmağı heç ağıllarına belə gətirmirlər. İnkişafı geridən təqib edən tərəflər belə bir təklif etsələr də, əminəm ki, təklifi heç kim anlamayacaq, anlayanlar isə belə bir təklifi çox qəribə qarşılayacaqlar. Deməli, “lokomotiv”ə minmək üçün daha çox, həm də səmərəli işləməliyik. Bu yolda isə “tələ”lərin də ola biləcəyini unutmamalıyıq”.

Həqiqət İSABALAYEVA