Yeni Fikir Müsabiqəsi uğurla başa çatdı

25 May 2013 23:07
Yeni Fikir Müsabiqəsi uğurla başa çatdı

Qafqaz Universiteti Texnoparkı təşkil etdiyi Yeni Fikir Müsabiqəsinin (YFM) final mərhələsi uğurla başa çatıb. Bu barədə universitetdən qəzetimizə məlumat verilib. 19 layihə qrupunun yarışdığı finalda həm dövlət, həm də özəl sektorun tanınmış mütəxəssisləri münsiflər heyətində yer aldı. Xatırladaq ki, istər Qafqaz Universiteti, istərsə də digər təhsil ocaqlarından olmaqla gənc təşəbbüskarlar tərəfindən YFM-yə 150 komanda yeni iş fikri ilə müraciət edilib ki, onlardan da 85 iş fikri layihə şəklində qeydiyyatdan keçib. Müsabiqənin gedişində ilkin qiymətləndirmədən 57 yeni iş fikri 2-ci mərhələyə vəsiqə qazanmışdı. Nəhayət, final mərhələsində gərgin keçən təqdimatlardan sonra 19 layihə qrupunun təqdim etdiyi yeni iş fikirlərindən ən yaxı beşi, qalib komanda olaraq, münsiflər heyəti tərəfindən elan edilib: 1-ci yer: “Alternativ Yanacaq” adlı iş fikri qrupu (Qafqaz Universitetinin tələbələri), 2-ci yer: “İwanna” adlı iş fikri qrupu (ATU, T.C. Qazi Universiteti və Qafqaz Universitetinin tələbələri), 3-cü yer: “Hyper Buyer” adlı iş fikri qrupu (Qafqaz Universiteti və BDU-nun tələbələri), 4-cü yer: “Robototexniklər” adlı iş fikri qrupu (ADİU və Qafqaz Universitetinin tələbələri), 5-ci yer: “Gənc Riyaziyyatçılar” adlı iş fikri qrupu (Qafqaz Universitetinin tələbələri). Müsabiqənin yekun proqramında finalda iştirak edən hər bir gənc təşəbbüskar, Qafqaz Universiteti rektoru və QUTechnopark rəhbərliyi tərəfindən, təklif etdikləri iş fikirlərinin adını daşıyan sertifikatlara layiq görüldülər. İlk beş yeri tutan iş fikirləri isə 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci dərəcəli diplomlarla təltif edildilər. Elan edildiyi kimi, ilk beş yerə layiq görülən iş fikri qrupları təklif etdikləri ideyalarının gerçəkləşdirilməsi üçün 1 il müddətinə QUTechnopark tərəfindən İnkubasiya Mərkəzində ofislə təmin olunacaqlar. Qaliblər “Azercell” tərəfindən hədiyyələrlə mükafatlandırılıb İlk 3 yeri qazanan iş fikri qrupları isə əlavə olaraq, bir ay müddətində Türkiyə Cümhuriyyəti Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Yıldız Texniki Universitetinin texnoparklarında təcrübə keçəcəklər. Qeyd edək ki, QUTechnopark YFM-ni hər il keçirməyi planlaşdırır.


İlkin

http://palitranews.az/news.php?id=8199