Ötən həftə tıxacda Friedrich Nietzsche-nin “Yaralı ruhların şəfaçısı” əsərini dinləyərkən Napoleon Hillin “Düşün və zəngin ol” əsərindən bəzi fikirlərini xatırladım. Tam o sırada qarşımdakı bir mənzərə məni yazmağa vadar etdi. (Elə bil, baş verən nüanslar, əvvəlcədən sözləşib plan qurmuşdular ki, mənim düşüncələrmdə görüşəcəklər.) Ilk qeydlərimi vatsap üzərindən özüm-özümə səsli məsaj ataraq etdim. Ofisə çatdıqdan sonra isə imkan edib, düşüncələrimi qələmə almağa çalışdım.
Beləliklə, Napoleon Hillin və Friedrich Nietzsche-nin fikirləri konrekstində “Enterprise Azerbaijan”ın işlərini düşünərkən, ağlımdan keçənləri qoşmadakı kimi qeydə aldım.
Sahibkarlıq düşüncə tərzi və israfçılıq:
Sosial davranış və iqtisadi inkişaf kontekstində
Karbon ayaq izinin bəşəriyyət üçün ciddi təhdidlər yaratdığı dövrdə resurslardan səmərəli istifadə və israfçılığın qarşısının alınması artıq yalnız fərdi seçim deyil, həm də ictimai məsuliyyət məsələsidir. Bu müstəvidən təhlil etdikdə, cəmiyyətin sosial və iqtisadi davranışlarını formalaşdıran mühüm amillərdən biri kimi insanların sahibkarlıq düşüncə tərzini araşdırmaq yerinə düşür.
Sahibkarlıq düşüncə tərzinin zəif olduğu mühitlərdə istehlakçılıq davranışları güclənir, əlavə dəyər yaratmaq əvəzinə resursların nümayişkaranə istifadəsi ön plana keçir. Çox vaxt bu hal problemin özü kimi nəzərdən qaça bilir. Halbuki rəqəmlər açıq göstərir ki, məsələn, istehlak kreditlərinin həcminin sürətlə artması sadəcə iqtisadi göstərici deyil, həm də davranış modelinin nəticəsidir.
Qabaqcıl təcrübə nə göstərir?
Dünyanın inkişaf etmiş iqtisadiyyatları bu problemi həll etmək üçün özü-özünü tənzimləyən bir mexanizmə – sahibkarlıq düşüncə tərzinin gücləndirilməsinə əsaslanıblar. Bu yanaşma həm iqtisadi mühitin, həm də hüquqi bazanın dəyəryaratmaya şərait yaratması ilə daha dayanıqlı inkişafın yolunu açır.
Sahibkarlıq düşüncəsi yalnız biznes fəaliyyəti ilə məhdudlaşmır; o, həm də insanın resurslara, imkanlara və gündəlik seçimlərinə yanaşmasını formalaşdırır:
– Bu düşüncə tərzindən məhrum olan cəmiyyətlərdə insanlar ehtiyacdan artıq istehlaka yönəlir, sosial status üçün israfçılıq güclənir.
– Sahibkarlıq mədəniyyəti güclü olduqda isə resursların qədrini bilmək, əlavə dəyər yaratmaq və gələcək üçün faydalı fəaliyyətlərlə məşğul olmaq ön plana keçir.
İsrafçılıq və sahibkarlıq düşüncəsinin əks qütbləri
İsrafçılıq çox zaman fərdlərin sosial status qazanmaq və fərqlənmək ehtiyacından qaynaqlanır. Bu davranış forması sahibkarlıq düşüncə tərzinin zəifliyini əks etdirir. Əksinə, sahibkar düşüncəsi yetərli olan insan üçün “nə qədər çox istehlak imkanlarım var?” sualından çox “nə yaradıram, hansı əlavə dəyəri formalaşdırıram?” sualı daha çox actual olur. Burada minimalist yanaşma ilə sahibkarlıq mədəniyyəti bir-birini tamamlayan anlayışlar kimi çıxış edir:
- Sahibkar düşüncəli insan istehlak etməklə deyil deyil, dəyər yaratmaqla məmnunluq tapır.
- İsrafdan uzaq qalaraq həm şəxsi resurslarını, həm də ictimai faydanı qoruyur.
- Bu yanaşma iqtisadi səmərəliliyi artırmaqla yanaşı, sosial və ekoloji dayanıqlılığı da gücləndirir.
İctimai davranışları müyyən etmək üçün nəticələr
Sahibkarlıq düşüncə tərzinin zəifliyi ilə israfçılıq arasındakı əlaqə göstərir ki, bu məsələyə təkcə iqtisadi deyil, həm də sosial və mədəni siyasət kontekstində baxmaq vacibdir:
- Təhsil siyasəti: sahibkarlıq bacarıqlarının inkişafı gənclərdə məsuliyyətli istehlak vərdişlərini təşviq edə bilər.
- Maarifləndirmə siyasəti: resursların qədrini bilmə nümunələri ictimai kampaniyalarla yayıla bilər.
- Sosial siyasət: israfı azaldan, ekoloji və iqtisadi fayda gətirən davranış modelləri dəstəklənə bilər.
Fəlsəfi baxışların işığında
Məşhur yazarlar Napoleon Hill və Friedrich Nietzsche-nin fikirləri bu mövzunu daha dərindən anlamağa imkan verir:
Müəllif | Sitat | Əsas məna | Fəlsəfi baxış |
Napoleon Hill – “Düşün və zəngin ol” əsərində qeyd edir. | “Hər kəs çoxlu pulu olmasını arzu edir, ancaq çox az adam çox pulu qazanmağın şərtləri ilə razılaşır.” | İnsanlar sərvət arzulayır, amma onun tələb etdiyi intizam, əmək və məsuliyyəti qəbul etmir. | Arzudan reallığa keçmək üçün fədakarlıq və planlı fəaliyyət vacibdir. |
Friedrich Nietzsche – “Yaralı ruhların şəfaçısı” əsərində qeyd edir. | “İnsanların çoxu yalnız yaşamağı, azı isə yaratmağı hədəfləyir.” | Çox insan sadəcə mövcud qalmaqla kifayətlənir, az insan isə dəyər yaratmağa çalışır. | Sadəcə yaşamaq yox, əlavə dəyər yaratmaq insana mənəvi zənginlik gətirir. |
Ortaq məqam | – | Çoxluq asanı seçir (arzu, yaşamaq), azlıq isə çətini (şərtləri qəbul etmək, yaratmaq). | İntizam və yaradıcılıq olmadan nə sərvət, nə də mənəvi dəyər mümkündür. |