Bakı Mühəndislik Universitetində (BMU) “Rəqəmsal məhsul düşüncəsi və kompetensiyaları” modulu üzrə təlimləri müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatların təqdim olunması ilə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edən elm və innovasiya məsələləri üzrə prorektor Ağası Məlikov proqramın əhəmiyyətindən, təlimin universitetin professor-müəllim heyətinin peşəkar inkişafının artırılmasındakı rolundan danışıb.
Çıxışlar zamanı bildirilib ki, bilik iqtisadiyyatının, o cümlədən III nəsil universitetlərin başlıca hərəkətverici qüvvəsi hesab olunan tədqiqat və inkişaf menecerlərinin hazırlanması getdikcə aktuallıq qazanır. Sözügedən akselerasiya proqramı da qlobal, regional və lokal bazarda cərəyan edən tendensiyaları nəzərə alaraq həyata keçirilir.
BMU-nun professor-müəllim heyətinin cəlb edildiyi proqram nəzəri və praktiki hissələrdən ibarət olmaqla, intensiv formada təşkil edilir. Həmçinin prosesin davamında hər bir iştirakçının fərdi və ya komanda formasında layihələrinin inkişaf etdirilməsi nəzərdə tutulur. Bundan başqa, hazırlanacaq tədqiqat və inkişaf menecerləri universitet ilə sənaye arasında səmərəli dialoqun formalaşmasına, eləcə də biznesə effektiv həll yolları təklif edən layihələrin hazırlanmasına nail ola biləcəklər.
Tədbirin sonunda təlimi başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, təlmlər BMU Texnoparkı, “Center of Agile Communication” və “Yeni Fikir” məhdud məsuliyyətli cəmiyyətlərin birgə layihəsi olan “Rəqəmsal transformasiyada tədqiqat və inkişaf meneceri” adlı akselerasiya proqramı çərçivəsində keçirilib.