Bakı Mühəndislik Universitetinin (BMU) təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, STEAM Azerbaijan, həmçinin Yeni Fikir MMC-nin tərəfdaşlığı, Kapital Bankın sponsorluğu ilə icra olunan ilk “My Technology” müsabiqəsi yekunlaşıb.
Müsabiqənin final mərhələsinin təşkili məqsədilə BMU-da abituriyentlərin startap layihələrinin sərgisi və mükafatlandırma tədbiri keçirilib. Sərgidə nümayiş olunan 30 layihə müsabiqəyə təqdim edilmiş 140 layihə arasından seçilib. Sərgi zamanı komandalar öz startap ideyalarını münsiflər heyətinə və qonaqlara təqdim ediblər. BMU-nun rektoru Yaqub Piriyev layihələrlə tanış olub, yeniyetmə startapçıların gələcək planları ilə maraqlanıb və onlara öz tövsiyələrini verib.
Sonra münsiflər tərəfindən məktəblilərin startap layihələrinin qiymətləndirilməsi başlayıb. 1-ci yeri “The Right Way” (Quba-Xaçmaz regionu), 2-ci yeri “CO2toD project” (Abşeron-Xızı regionu), 3-cü yeri “SpecDeaf” (Abşeron-Xızı), 4-cü yeri “Trinity Panel” (Quba-Xaçmaz) və 5-yeri “GreenExchange” (Naxçıvan MR) layihələri qazanıb.
Tədbirin mükafatlandırma hissəsində çıxış edən rektor Yaqub Piriyev yeniyetmə və gənclərin texnoloji yeniliklərə marağını yüksək qiymətləndirib, startap layihələrində fəallıq göstərən şagirdlərin gələcəyinə böyük inamı olduğunu vurğulayıb. Ali məktəbin rəhbəri müasir dövrün ixtisasları, bu ixtisaslara artan tələbatdan danışaraq, BMU-da “İnformasiya texnologiyaları”, “Kompüter mühəndisliyi” ixtisaslarının mükəmməl tədrisi üçün yaradılan şəraitdən, müasir laboratoriyalardan bəhs edib. Rektor texnoloji ideyalara həvəs göstərən şagirdlərə gələcək layihələrində uğurlar arzulayıb.
BMU Texnoparkının direktoru İsa Qasımov “My Technology” haqqında məlumat verərək bildirib ki, layihə Abşeron-Xızı, Naxçıvan Muxtar Respublikası, Gəncə-Daşkəsən, Dağlıq Şirvan və Quba-Xaçmaz regionlarını əhatə edib. 10-11-ci sinif şagirdlərinin qatıldığı müsabiqə innovasiya ekosisteminin formalaşmasına, eləcə də inkişafına töhfə vermək, bilik iqtisadiyyatının tələb və gözləntilərinə uyğun olaraq sahibkar düşüncəyə malik insan kapitalının inkişafını təşviq etmək, həmçinin dəstəkləmək məqsədi daşıyır. Layihənin növbəti illərdə ölkə miqyasında keçirilməsinin nəzərdə tutulduğu da diqqətə çatdırılıb.
“Kapital Bank”ın İstedadlarin idarə edilməsi departamentinin direktoru Aygün Musayeva layihə barədə müsbət fikirlərini dilə gətirib. BMU məzunu kimi universitetin üstün cəhətlərinə toxunan bank rəsmisi “Kapital Bank”la universitet arasında əməkdaşlıq əlaqələrindən, tədris prosesinə verilən dəstəkdən bəhs edib.
Sonda qalib komandalara sertifikatlar və “Kapital Bank”ın qiymətli hədiyyələri təqdim olunub.