“Yeni Fikir VI” startap müsabiqəsinin final mərhələsi keçirilib

06 Jul 2019 09:30
“Yeni Fikir VI” startap müsabiqəsinin final mərhələsi keçirilib

Bakı Mühəndislik Universiteti və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı və BP Azərbaycan şirkətinin maliyyə dəstəyi, həmçinin Asan İnnovasiyalar Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Yeni Fikir VI” startap müsabiqəsinin final mərhələsi keçirilib.

 

Bakı Biznes Mərkəzində təşkil olunan tədbiri açıq elan edən layihənin rəhbəri İsa Qasımov “Yeni Fikir” layihəsinin tarixi, məqsədi və əvvəlki illərdə keçirilən müsabiqələrin nəticələri barədə məlumat verib.

 

Açılış tədbirində iştirak edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov nazirlikadından tədbir iştirakçılarını salamlayıb və ölkə başçısı İlham Əliyev ölkəmizdə innovativ sahibkarlığın yaradılması istiqamətində gördüyü işlərdən, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin güclənməsi üçün yaradılan müasir texnologiyalı sənaye parklarının fəaliyyəti barədə ətraflı məlumat verib.

 

Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov tədbirdə çıxış edib. Tədbir iştirakçılarını salamlayan rektor bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda intellketual kapital, eləcə də intellektual biznes layiqincə inkişaf edir. BMU da öz işini Prezidentin ölkəmizdə intellektual kapitalın inkişafı, eləcə də informasiya cəmiyyətinin formalaşması istiqamətində həyata keçirdiyi sosial-iqtisadi siyasətinə uyğun olaraq qurur.

 

BP Azərbaycan şirkətinin maliyyə dəstəyi ilə keçirilən “Yeni Fikir VI” startap müsabiqəsi əvvəlki müsabiqələrdən fərqli olaraq, həm də ekosistemə yeni startapların da daxil olmasına şərait yaradır.

 

“Yeni Fikir” startap müsabiqəsi innovativ sahibkarlığın (təşəbbüskarlığın, startapların və ya texnosahibkarlığın) inkişafını təşviq edən və dəstəkləyən layihədir. 2019-cu ilə kimi müsabiqəyə 842 startap layihəsi müraciət edib. Onlardan 100-dən çoxunun inkişafına bilavasitə dəstək verilib. 35 layihənin inkişafı isə sponsor və tərəfdaşların dəstəyi ilə toxum investisiya və inkubasiya xidmətləri ilə dəstəklənib. Bu il isə müsabiqədə iştirak etmək üçün 118 layihə qeydiyyatdan keçib. Onlardan 36 layihə yarimfinala vəsiqə qazanmışdı ki, onların da 12-si finalda yarışıblar.

 

Mükafatlandırma mərasimində BP Azərbaycan şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli BP-nin “Sosial sərmayə strategiyası”ndan biri kimi “Yeni Fikir VI” startap müsabiqəsinə göstərdikləri dəstəkdən məmnun olduqlarını qeyd edib.

 

Çıxışlardan sonra komandalar startap layihələrinin təqdimatını ediblər və münsiflərin suallarını cavablandırıblar. Təqdimatın sonunda münsiflər tərəfindən seçilən “WASCO”, “11delivery.com”, “Nanomaterial qatılmış yüksek keçirici naqil”, “TermoNorth” və “BETA-KİDS Education kit” layihələri müvafiq olaraq ilk 5 yerə layiq görülüb. Beləliklə, müsabiqədə 1-ci yerə layiq görülən “WASCO” startap layihəsi 8000 manat, 2-ci yerə layiq görülən “11delivery.com” startap layihəsi isə 6000 manat maliyyə dəstəyi qazanıb. Bundan əlavə, qalib gəlmiş 5 layihənin kommersiyalaşdırlması və şirkətləşməsi prosesi BMU-nun Texnoparkında və ASAN İnnovasiyalar Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində inkubasiya və akselerasiya xidmətləri ilə dəstəklənəcək. Ayrılan maliyyə dəstəyi də startap layihələrdə iddia olunan biznes ideyanın kommersiyalaşdırılmasına və şirkətləşməsinə sərf ediləcək.

 

http://www.respublica-news.az/index