"İNNOLAND" və “Yeni Fikir” arasında əməkdaşlıq memorandumu imzalandı

17 Mar 2019 17:57
"İNNOLAND" və “Yeni Fikir” arasında  əməkdaşlıq memorandumu imzalandı

Martın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC (İNNOLAND) və “Yeni Fikir” MMC arasında anlaşma memorandumu imzalanıb. Memorandumun məqsədi ölkəmizdə və regionda texnologiya startapları üçün sahibkarlıq ekosisteminə dəstək göstərmək və inkişaf etməkdə olan (və ya digər) texnologiya sahibkarlarının ehtiyaclarına xidmət göstərən yüksək səviyyəli tərəfdaşlığın həyata keçirilməsidir.

 

Sənəddə texnologiya sahibkarlığının formalaşması və inkişafı ilə yanaşı, biznes təşəbbüskarlığının gücləndirilməsi ilə bağlı əməkdaşlıq məsələləri də öz əksini tapır. Belə ki, anlaşma memorandumun istiqamətlərində ölkəmizdə innovasiya ekosisteminin, eləcə də biznes təşəbbüskarlığının qurulması və inkişafına hesablanmış  məqamlar öz əksini tapır.

 

Xatırladaq ki, “İnnovasiyalar Mərkəzi” MMC (İNNOLAND) ölkəmizdə və regionda innovasiya ekosisteminin qurulması, eləcə də texnologiya sahibkarlığının (startapların) inkişaf etirilməsi üçün, fəaliyyət strategiyasına uyğun olaraq, yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Bu cür təşkilatlardan biri kimi "Yeni Fikir" MMC Azərbaycanda intellektual ximət sektorunda fəaliyyət göstərən, həmçinin startap mədəniyyətinin formalaşmasında özünəməxsus rola malik olan şirkətlərdəndir. Belə ki, bu il altıncı dəfə baş tutan "Yeni Fikir" startap müsabiqəsi "Yeni Fikir" MMC tərəfindən, Bakı Mühəndislik Universitetinin təşkilatçılığı, BP şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilir. Müsabiqədə qalib gələcək 5 startap layihəsinin inkişafı Bakı Mühəndislik Universitetinin Texnoparkında və İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində, inkubasiya və akselerasiya proqramları ilə, dəstəklənəcək.