"Yeni Fikir VI" startap müsabiqəsi əsasında təlim və mentorluq tədbiri keçirildi

15 Mar 2019 08:30
"Yeni Fikir VI" startap müsabiqəsi əsasında təlim və mentorluq tədbiri keçirildi
Martın 14-də Sumqayıt Dövlət Universitetində "Yeni Fikir VI" startap müsabiqəsi əsasında təlim və mentorluq tədbiri keçirildi.
İnnovativ sahibkarlığın inkişafı məqsədilə keçirilən "Yeni Fikir" startap müsabiqəsi hazırda 6-cı dəfə başlayıb. Müsabiqə Bakı Mühəndislik Universitetinin təşkilatçılığı və BP-nin sponsorluğu ilə təşkil edildi.
 
Tədbirdə universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov çıxış edərək qonaqları və tədbir iştirakçılarını salamladı, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olan sahibkarlığın inkişafı istiqamətində aparılan islahatlar, startap layihələrinin dəstəklənməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verdi. Startapların dəstəklənməsi istiqamətində görülən işlərdən söz açan prorektor qeyd etdi ki, "Yeni Fikir" startap müsabiqəsi (YFM) də innovativ sahibkarlığın inkişafını dəstəkləyən layihədir. Layihənin keçirilməsində məqsəd milli startapların üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirməkdir. Son dövrlərdə Azərbaycanın startap sahəsinə qarşı diqqət və marağın artıdığı müşahidə edilir. Xüsusən də universitetlərdə startapla bağlı fəaliyyətlər artır, startap komandaları formalaşır. Təhsil sahəsində innovativ yeniliklərə daha çox meyilli olan Sumqayıt Dövlət Universiteti artıq bu sahə üzrə böyük uğurlar əldə edir.
 
Tədbirdə Bakı Mühəndislik Universitetinin Texnoparkın direktoru və Yeni Fikir Startap Müsabiqəsinin layihə rəhbəri İsa Qasımov, onun köməkçisi Tengiz Ağakişiyev, təlimçi-mentorlar Rəşad Eyvazov, Rəşid Əliyev və Vüsal Kərimli iştirak edərək müsabiqənin şərtləri, imkanları, müraciət qaydaları haqqında məlumat verdilər, tələbələrin suallarını cavablandırdılar. Qeyd etdilər ki, müsabiqə ilə bağlı ətraflı informasiya yenifikir.az veb səhifəsində yerləşdirilib.
 
Qeyd edək ki, müsabiqədə qalib gələcək startapların inkişafı və şirkətləşməsi prosesi də BP-nin maliyyə dəstəyi ilə həyata keçiriləcək.