BP tələbələr arasında keçirilən müsabiqəyə dəstək verib

04 Mar 2019 17:17
BP tələbələr arasında keçirilən müsabiqəyə dəstək verib

BP şirkəti Azərbaycanda tələbələr arasında keçirilən innovativ texnologiya və biznes ideyalarının, startapların təşviqinə yönəlmiş müsabiqəyə dəstək verib.

 

“BP Azerbaijan”dan AZƏRTAC-a bildirilib ki, innovativ texnosahibkarlıq konsepsiyalarının və layihələrinin inkişafına dəstək olaraq hər il Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə “Yeni Fikir” startap müsabiqəsi keçirilir. Bu, 6-cı müsabiqədir və iki əsas məqsəd daşıyır: yeni ideyaların və layihələrin formalaşması, inkişafı; mövcud startapların güclənməsi və təkmilləşməsi.

 

Bu məqsədlərə nail olmaq üçün BP-nin maliyyələşdirdiyi layihə çərçivəsində müsabiqədən əvvəl və sonra mentorluq, təlimlər və seminarlar kimi bir sıra fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır. BP, həmçinin müsabiqə iştirakçılarının komanda şəklində işləyərək yeni ideyalar formalaşdıra bilməsi və inkişaf edərək uğurlu startap layihələrinə çevrilə bilməsi üçün rəqəmsal avadanlıqlar və proqram təminatı ilə təchiz edilmiş İnkubasiya və Akselerasiya Mərkəzi də yaradacaq.

 

Müsabiqədə 5 ən yaxşı ideya və layihə seçilərək qalib elan ediləcək və bu qalib komandalar xüsusi hazırlanmış inkubasiya və akselerasiya proqramları vasitəsilə BP-nin maliyyə dəstəyini almağa davam edəcək və öz startaplarını uğurlu sahibkarlıq imkanlarına doğru inkişaf etdirəcək.

 

Martın 4-də müsabiqənin açılış mərasimində çıxış edən “BP Azerbaijan”ın əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Azərbaycanda BP-nin təhsil layihələrinin əsas məqsədlərindən biri ölkənin gələcəyi üçün güclü intellektual kapitalın yaradılmasına yardım etməkdir. Biz inanırıq ki, bu müsabiqə ölkənin innovasiya ekosisteminin güclənməsi üçün texnologiyaya və innovasiyayameylli çox sayda insanın birgə işləməsi və öz intellektual bacarıqlarını və ambisiyalarını birləşdirməsi üçün böyük imkanlar yaradır. Yekun nəticədə bu layihənin yüksək texnologiyalara əsaslanan kiçik və orta sahibkarlıq səylərinə böyük təkan verəcəyini hesab edirik. Gözlənilir ki, 400-dən çox iştirakçı arasından təxminən 150 startap müraciət edəcək. Yeni startapların və innovativ ideyaların cəlb olunmasına çalışmaqla yanaşı, biz, həmçinin mövcud uğurlu layihələrin daha da inkişaf etməsinə və öz səylərini kommersiyalaşdırmasına yardım edəcəyik. Bu məqsədlə xüsusi təlim proqramlarının keçirilməsi planlaşdırılır ki, bu proqramlar da startap komandalarının yeni yaradılmış İnkubasiya və Akselerasiya Mərkəzində birgə işləməsinə və öz innovativ konsepsiyalarını, layihələrini reallaşdırmaları üçün metodoloji əsaslandırılmış araşdırmaların və digər fəaliyyətlərin necə həyata keçiriləcəyini öyrənməsinə yardım edəcək”.

 

Layihənin dəyəri təxminən 118 min manat təşkil edir və layihənin müddəti səkkiz aydır.

 

https://azertag.az/xeber/BP_telebeler_arasinda_kechirilen_musabiqeye_destek_verib-1253992