Yeni Fikir 2017 Müsabiqəsinin qalibləri elan olundu‬

10 Jun 2017 20:07
Yeni Fikir 2017 Müsabiqəsinin qalibləri elan olundu‬

"Yeni Fikir 2017" startap müsabiqəsinin final mərhələsi və mükafatlandırma mərasimi keçirilib 2013-cü ildən etibarən hər il keçirilən "Yeni Fikir " startap müsabiqəsində öz iş fikri ilə biznesini qurmaq istəyənlər iştirak edirlər. Texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılması, təşəbbüskar düşüncənin inkişaf etdirilməsi, ölkənin və regionun inkişafında rol oynaya biləcək beynəlxalq rəqabətə dayanıqlı şirkətlərin formalaşdırılması layihənin əsas məqsədlərindəndir. Artıq 5-ci dəfədir keçirilən "Yeni Fikir" startap müsabiqəsinə indiyədək 842 layihə cəlb edilib. "Yeni Fikir 2017" Müsabiqəsi Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi və bir sıra şirkətlərin dəstəyi ilə həyata keçirilir. Bakı Mühəndislik Universitetinin təşkilatçılığı və Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının (AMEA YTP) əsas tərəfdaşlığı ilə reallaşdırılan "Yeni Fikir 2017" startap müsabiqəsi final mərhələsi keçirilib. Final mərhələsində Təhsil Nazirinin müavini Ceyhun Bayramov, AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev, nazirlik nümayəndələri, millət vəkilləri, universitet rektorları və şirkət nümayəndələri iştirak edib. Təhsil Nazirinin müavini Ceyhun Bayramov nazirlik adından qonaqları salamlayıb, təqdim olunan layihələrin fərqli istiqamətlərdə olmasını sevindirici hal kimi qiymətləndirib. Qeyd edib ki, ölkə başçısının gənclər üçün yaratdığı imkanlar gənclərin startaplara marağını artırır. AMEA-nın, nazirliklərin və özəl sektorun bu sahəyə təşkilatçılıq və dəstək göstərməsi təqdirəlayiq haldır. İştirakçıları təbrik edən nazir müavini onlara təqdimatla bağlı tövsiyyələrini də çatdırıb. Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov qonaqları salamlayıb, dəvəti qəbul edib tədbirdə iştirak edən hər kəsə təşəkkür edib. Yeni Fikir Layihəsinin zəhmət və ədalət tələb edən bir layihə olduğunu diqqətə çatdırıb. Universitetin bu istiqamətdə olan elmi potensialı, alimlərimiz və savadlı tələbələrimizin olması belə layihələri müvəffəqiyyətlə həyata keçirməyə imkan verir. Rektor layihənin ərsəyə gəlməsində AMEA–ya, nazirliklərə, sponsorlara və əməyi olan hər kəsə təşəkkür edib. AMEA-nın YTP-nin direktoru Vüqar Babayev BMU ilə əməkdaşlıq müqaviləsi bağladıqlarını və az müddətdə birgə belə bir möhtəşəm tədbir keçirdiklərini bildirdi. Qeyd etdi ki, birlikdə daha uğurlu layihələrə imza atacağıq. ADNSU-nin rektoru, professor Mustafa Babanlı vurğuladı ki, burada gördüklərimizdən ancaq məmnun olmaq olar. Çünki, şahidi oluruq ki, ölkəmizdə kreativ gənclik yetişir. Cəmiyyətə diplomlu mütəxəsislərlə yanaşı sahibkarlar da lazımdır. Dövlətimizin yaratdığı şəraitin nəticəsidir ki, gənclərimiz fərqli düşünür və fərqli layihələr ərsəyə gətirirlər. Rektor qeyd edib ki, Startaplara xidmət edənlər Azərbaycanın gələcəyinə xidmət edirlər. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov bildirib ki, dünyada ənənəvi iqtisadiyyatı biliklərə əsaslanan iqtisadiyyat əvəzləyir. Bu da startapların nə qədər əhəmiyyətli olduğunu göstərir. Bizim fond da startapları dəstəkləyir və maliyyələşdirir. Bu layihədə də dəyərli layihələr təqdim olundu. Ölkəmizdə bu sahənin inkişafı üçün də hərtərəfli şərait yaradılır. Çıxış edənlər layihəyə və iştirakçılara uğurlar arzulayıblar. Qaliblərin ölkəmizi regionda və dünyada layiqli təmsil edəcəklərinə inandıqlarını bildiriblər. Qeyd edək ki, bu il 148 startap layihənin iştirak etdiyi müsabiqədə 11 komanda finala vəsiqə qazanıb. 9 iyunda keçirilən finalın nəticələrinə görə 5 layihə qalib elan edilib. Mükafatlandırma mərasimində 1-ci yerə layiq görülən komandaya müsabiqənin baş sponsoru olaraq AMEA YTP tərəfindən 10000 manat pul mükafatı təqdim edilib. 2-ci və 3-cü yer sahiblərinə isə müsabiqəyə tərəfdaş olan bir sıra özəl şirkətlər tərəfindən 5000 manat və 2500 manat pul mükafatı verilib. Bundan əlavə, qaliblər Silikon Vadisinə (ABŞ/SanFransisko) gediş-gəliş üçün avia bilet və digər müxtəlif mükafatlara layiq görülüblər. Müsabiqədə qalib gələn layihələr ilkin maliyyə dəstəyi, inkubasiya və akselerasiya xidmətləri ilə dəstəklənir.

 

Qalib gəlmiş layihələrin siyahısı:

1-ci yer : NewTimeBox- Cloud Engine

2-ci yer : HypoLife

3-cü yer: Mühasiblər üçün Trenajor

4-cü yer: Onlayn radiasiya xəbərdaredici

5-ci yer : Braille Teach