Təşəbbüskarlıq Seminarlarında iştirakım fəaliyyət səmərəliliyimə müsbət təsir göstərmişdir

25 Nov 2015 17:02
Təşəbbüskarlıq Seminarlarında iştirakım fəaliyyət səmərəliliyimə müsbət təsir göstərmişdir

Texnoparklar bir və ya bir neçə universitet, həmçinin elmi-tədqiqat mərkəzləri ilə birbaşa və ya ortaq fəaliyyətləri ilə əlaqədər olub, tərkibində elmi nəticələrə və yüksək texnologiyalara əsaslanan şirkətlərin qurulması və inkişafına təşəbbüs göstərmək üçün qurulur.

 

Bu proseslər  bütöv yanaşmalar  müstəvisində həyata keçirilir. İnsan kapitalınının sürətli inkişafına xidmət edən Qafqaz Universiteti Texnoparkı  bu məqsədlə təşəbbüskarlıq seminarları təşkil edir. Təşəbbüskarlıq Seminarları  Sahibkarlığın inkişafına dəstək layihəsidir. Layihənin məqsədi gənclər arasında innovasiya sahibkarlığını təşviq etməkdir. Bu da universitet-sənaye əməkdaşlığı proqramlarının inkişafı ilə yanaşı, təşəbbüskar gənclər və iş dünyasının təcrübəli şəxsləri arasında ortaq seminar və müzakirələrin aparılmasına şərait yaradır.

Qafqaz Universiteti Texnoparkının rəhbəri dr. İsa Qasımov bildirdi ki, seminarlara tələbatın olduğunu nəzərə alınaraq  ayda bir neçə dəfə keçirilir. Seminar və ya görüşlər gənclər arasında təşəbbüskarlığın inkişafına zəmin verir.  Bu seminarlarda iştirak ödənişsiz olmaqla yanaşı, iştirak etmək könüllüdür. İndiyə kimi 30-a yaxın seminarlar keçirilmişdir. Seminarlar universitet müəllimlərinin , iş dünyasında olan məzunlarımız və sahəsində tanınmış mütəxəsislər tərəfindən verilir. Seminarlarda iş adamları ilə yanaşı tələblər də iştirak edirk ki, bu da onların gələcəkdə öz bizneslərini qurmağa istiqamət verir. Ən son keçirilən Goldenpay OJSC təsisçisi və icraçı direktoru Fərid İsmayılzadə tərəfindən "Texnologiya dünyanı hara aparır" adlı seminar olub. Fərid İsmayılzadə təlim boyunca son texnologiyalar, həmçinin onların təkmilləşməsinə təsir edən amillər, müasir ixtiralar, özünün xarici ölkələrdə qarşılaşdığı yeniliklər və statistikalardan bəhs edib. Auditoriyanın böyük marağına səbəb olan təlim iştirakçıların bir çox suallarına cavab tapmasına səbəb olub.

Seminarlardan maraqlı olan daha biri QU Texnopark rezidenti İTB World şirkətinin təsisçisi, Qafqaz Universitetində İT və Sistemləri Mühəndisliyi bölməsində müəllim dr. Anar Rüstəmov olmuşdur. Dr. Anar Rüstəmov Effektiv biznes və İT strategiya mövzusuna həsr olunmuş seminar əsnasında İT strategiyaların təyin edilməsində önəmli faktorlar, uğurlu İT investisiya kriteriyaları (keyzlər və konseptlər əsasında), İnformasiya sistemləri və İnternet haqqında ümmumi məlumat, İnternetin biznesə təsiri və inkişafı, müəssisə üçün verilənlər bazasının əhəmiyyəti, informasiya təhlükəsizliyinə nə qədər investisiya etməli kimi IT sahəsi üzrə mütəxəssislərin və bu sahədə yeni fəaliyyətə başlamış şəxslərin marağına səbəb olan məsələlərə toxunub.

QU Texnopark rezidenti “E.M.B.T. Group Consulting” şirkəti tərəfindən ''Banklarda Likvidliyin və Valyuta Risklərinin İdarə olunması'' adlı seminar da aktual və sahibkarlar üçün  vacib bir mövzu olub. Seminarın təlimçisi Risk menecment sahəsi üzrə təhsil almış və ixtisaslaşmış, hazırda Azərbaycanın aparıcı maliyyə qurumlarının birində risk menecmenti sahəsi üzrə Baş Risk Menecer vəzifəsini icra edən Təbriz Əhmədov olmuşdur. Təlim əsnasında Likvidlik risklərinin və Valyuta risklərinin idarə olunması, idarəetmə növləri, GAP analizi, Heccinq alətləri kimi mövzulara toxunulub. Bundan əlavə seminar praktiki nümunələrlə də zənginləşdirilmiş və sonda iştirakçılara sertifikat təqdim olunmuşdur.

2014-cü ildən təşəbbüskarlıq seminarlarında iştirak edən  Qafqaz Universitetinin biznesin idarə edilməsi  ixtisasının tələbəsi Eltac Alırzalı : “  Gələcəkdə öz işimi qurmaq istəyirəm. Əvvəllər startapçı olmaq istəyirdim sonra hiss etdimki mənim axtardığım bu deyil. İstəyirəm sənaye sahəsində  işimi qurum,  strateji məhsulların istehsalı ilə məşğul olum . İkinci kursda oxuyuram amma artıq gələcək  istiqamətimi seçmişəm.  2014- cü  ildən təşəbbüskarlıq seminarlarında iştirak edirəm. Seminarların hər birində təlimçilərdən fərqli həyat fərli  mövzu eyni işin fərqli  həlli yollarını  dinləyirdim.   Öyrəndiklərimi də ətrafımdakı insanlara bölüşürəm müzakirə edirəm. İstəyirəm ki gələcəkdə  məndə seminar verəcək səviyyəyə çatım.  Qafqaz Universiteti və QU texnoparkın gələcəyimi müəyyən etməyimdə  xüsusi rolu var.

Əsmər Haşımlı : “Qafqaz Universiteti Texnoparkının təşkilatçılığı ilə mütəmadi olaraq keçirilən Təşəbbüskarlıq Seminarları silsiləsinə qatılmağım fəaliyyət səmərəliliyimə və düşüncə çevikliyimə olduqca müsbət təsir göstərmişdir . Belə ki, artıq təşəbbüskar sahibkarlığın biznes planı, onun icra ardıcıllığı, innovativ sahibkarlıqla məşğul olan şəxslərin qarşılılaşdığı ümumi çətinliklər, problemlər meydana gələn zaman düzgün qərar vermə texnikası, ekosistemin önəmi  kimi incəlikləri haqda daha öncə xəbərsiz olduğum mühim məlumatlara yiyələnmişəm. Təşəbbüskarlıq Seminarlarında sahib olduğum biliklər sayəsində ilkin təşəbbüslərin gələcək böyük uğurların qığılcımı olduğunu öyrənmiş və nəticədə şəbəkələşməmi inkişaf etdirərək bir çox iş dünyası nümayəndələri ilə tanış olmuşam. Nəticə etibarilə, iş dünyasının uğurlu işçi kateqoriyasına uyğun hesab etdiyi şəxslərə olan tələblərini öyrənmək imkanı əldə etdim. Bu da gələcək karyera yolumu planlaşdırmaqda çox yardımçı oldu. Mənimsədiyim biliklər arasına layihələrin idarə olunması, biznes yönümlü fəaliyyətlərin təşkili də daxildir. Təşəbbüskarlıq Seminarlarında iştirakımın köməyilə İnformasiya Texnologiyaları, İqtisadiyyat, Mühəndislik kimi sahələrdə çalışan ekspertlərin erudisiyasından faydalanmışam. Əldə etdiyim dəyərli məlumatların müsbət təsiri təhsil və iş həyatında qazandığım uğurlarda özünü biruzə edir. Belə ki, bu təlimlərin vasitəsilə qatıldığım və koordinatorluğunu etdiyim layihələrdə araşdırma, həmçinin təşkilatçılıq bacarıqlarımı inkişaf etdirmişəm. “

Dr. İsa Qasımov qeyd etdi ki, seminarda iştirak etmək istəyənlərin sayının çoxluğunu və iştirak edənlərin məmnunluğunu nəzərə alıb, seminar sayını və auditoriyasını genişləndirməyi düşünürük.