Yeni Fikir 2015 Müsabiqəsinin final mərhələsi aprelin 25-də keçiriləcək

08 Apr 2015 12:12
Yeni Fikir 2015 Müsabiqəsinin final mərhələsi aprelin 25-də keçiriləcək

Qafqaz Universiteti Texnoparkı (QUTechnopark) tərəfindən təşkil olunan Yeni Fikir 2015 Müsabiqəsinin final mərhələsi Aprelin 25-də, Park İnn Oteldə keçiriləcək. Finalda 12 layihə komandası yarışacaq. Qeyd edək ki, Müsabiqəyə ümumilikdə 252 müraciət daxil olmuşdur ki, onlardan 196-sı layihə şəklində qeydiyyata alınmışdır. 

Müsabiqə “QUTechnopark”-ın təşkil etdiyi ən böyük layihədir. Yeni Fikir Müsabiqəsi (YFM) innovativ sahibkarlığın inkişaf etdirmək məqsədi ilə həyata keçirilir. Bununla belə, gənclər arasında innovasiyaların tətbiqinə əsaslanan sahibkarlıq fəaliyyətini təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də intelkektual insan kapitalının hazırlanması işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.

İldə bir dəfə keçirilən müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilər.

YFM yüksək texnologiyaların inkişafı istiqamətində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verir. Bu istiqamətlər başlanğıc (start up) ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyalari və istehlakçı elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və sairədir.

Müsabiqənin missiyasına innovativ sahibkarlığı dəstəkləmək, “QUTechnopark”-da yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq, ölkənin dayanıqlı sosial iqtisadi inkişafına dəstək vermək, informasiya-kommunikasiya texnologiyalarının inkişafına, eləcə də təşəbbüskar gənclərə öz şirkətlərini qurmaqda dəstək vermək və təşəbbüskar yanaşmanı inkişaf etdirmək daxildir.

Müsabiqənin nəticələrinə görə ən yaxşı 10 layihənin şirkətləşməsinə QUTechnopark ilkin maliyyə, ofis və əlavə investor dəstəyi verəcək.

İlkin maliyyə dəstəyi:

  • 1-ci yer 5 000 manat
  • 2-ci yer 3 000 manat
  • 3-cü yer 2 500 manat
  • 4-cü yer 1 500 manat
  • 5-10-cu yerləri qazanacaq hər bir layihə üçün 1 000 manat

Digər Mükafatlar:

  • Ən yaxşı iş fikri sahibi olan 10 layihənin müəllifləri QUTechnopark İnkubasiya Mərkəzindən 1 il müddətində ödənişsiz istifadə edə biləcək.
  • İrəli sürülən ideyanın şirkətləşməsi istiqamətində mentor dəstəyi və gərəkli təlimlər verilir.
  • İrəli sürülən iş fikrinin şirkətləşməsi istiqamətində investor tapa bilmək üçün dəstək verilir.
  • İrəli sürülən iş fikrinin şirkətləşməsi üçün beynəlxalq təcrübənin öyrənilməsinə dəstək verilir.
  • Media (KİV) vasitəsi ilə diqqətləri cəlb etmək imkanı və lobbiçilik dəsətəyi verilir.

http://technimum.com/blog/start-up/5623.html