Görmə qüsurlu insanlar üçün planşet - Braille Pad

29 Apr 2015 18:49
Görmə qüsurlu insanlar üçün planşet - Braille Pad

İndi elə bir zamanda yaşayırıq ki, günümüzü texnologiyasız – kompyuter, mobil telefon, planşetlərsiz təsəvvür edə bilmərik. Bu cihazlar müxtəlif tələbatlarımızı qarşılamaqla yanaşı, dünya görüşümüzün artmasına, ətrafda baş verənlərdən tez bir zamanda xəbər tutmağımıza kömək olur. Lakin bu texnologiyaların bir çoxunun iş prinsipi görmə qusurlu insanları ya nəzərə almır, ya da nəzərə alınan müxtəlif üsulların istifadəsi çox çətin olur.

Bütün bunları nəzərə alaraq Azərbaycanlı bir qrup gənc görmə qusurlu insanlar üçün nəzərdə tutulan planşetin hazırlanması üzərində işləyir. Heç təsadüfi deyil ki, layihə görmə qusurlu insanların istifadə etdiyi Braille əlifbasından bəhrələnərək “Braille Pad” adlanır.
 
Hazırda dünyada 1 milyard gözdən əlil insan var ki, onların da 37 milyonu tamamilə görmə qabiliyyətini itirib. Bundan başqa dünya praktikasında ölkə əhalisinin 10 faizinin gözdən
əlil statusu alması normal hesab olunur. Layihənin hədəf kütləsinə daxil olan görmə qüsurlu və tamamilə görmə qabiliyyətini itirmiş insanların cəmiyyətə inteqrasiyasının təmin olunması layihənin əsas məqsədidir. Dünya əhalisinin sayı artdıqca gözdən əlil insanların da artdığı statistika ilə təsdiq olunmuşdur.
Planşetlərin əsas istifadə obyektləri kimi gözdən əlillər üçün təhsil mərkəzləri, uşaq evləri, iş mərkəzləri və s. nəzərdə tutulur. Layihə rəhbəri Rəşid Əliyevin sözlərinə görə, planşetlərin asan istifadəsi və əlçatanlığı istənilən fərdi şəxsin də ondan rahatlıqla istifadəsinə səbəb olacaq.  Bu planşet vasitəsi ilə görmə qüsurlu insanlar tam sərbəst şəkildə online kitablar, məqalələr oxuyacaq, müxtəlif saytlara, hətta sosial şəbəkələrə daxil olaraq dostları ilə danışa və cəmiyyətə inteqrasiya ola biləcəklər.
 
Latın və digər əlifbaları Braille əlifbasına birbaşa keçirmə funksiyası ilə göz əliliyi olan insanlar bütün saytlarda və ya elektron kitablarda, sənədlərdə yazılan məlumatları, yazılanları asanlıqla oxuya biləcəklər.
“Braille Pad” - in qiymətinin normal planşet ilə eyni qiymətdə olması planlaşdırılır.
Braille Pad komandası hər biri öz işinin professionalı olan 4 nəfərdən ibarətdir. Belə ki, Rəşid Əliyev layihənin rəhbəri və hardware developer, Hüseyn Qulamov qrafik dizayner, Nərmin Əliyeva marketinq direktoru, Səddam Bilalov isə software developerdir.
 
İlk uğurunu Ukraynada təşkil olunan Vernadsky Challenge – də dördüncülük qazanaraq əldə edən Braille Pad layihəsi bundan sonra Qafqaz Universiteti Texnoparkı tərəfindən keçirilən Yeni Fikir 2015 müsabiqəsində də dördüncü yeri qazanaraq 1500 manat qrant əldə etdi. 
Hazırda UCLA ilə danışıqlar aparaq komanda yaxın günlərdə hardware və software işlərinin, o cümlədən marketinq araşdırmalarının birinci mərhələsini tamamlamaq niyyətindədir. İlk dəfə olaraq mətnlərin internetə və qurğulara birbaşa daxil edilməsini, eləcə də oxunmasını təmin edən Braille Pad startup layihəsi bundan başqa ilk dəfə olaraq görmə qabiliyyətini itirmiş insanlara çoxsətirli klaviatura ilə oxuma imkanı yaradan qurğu təklif edir.