İdeya oğruları - qanunlar İT şirkətlərini onlardan necə mühafizə edə bilər?

08 May 2014 13:08
İdeya oğruları - qanunlar İT şirkətlərini onlardan necə mühafizə edə bilər?

İdeya oğruları - qanunlar İT şirkətlərini onlardan necə mühafizə edə bilər?

Məhkəmə qalmaqallarının mərkəzində dayanan pop-müğənni və aktrisa Rihannadan (Robin Rianna Fenti) surətçıxarma və ideyaların oğurlanması səbəbi üzündən vaxtaşırı şikayət edilir. Sonuncu belə səs-küylü çəkişmələrdən biri də onun hələ 2011-ci ildə ekrana çıxan “S&M” klipi ətrafında meydana gəlib.

Müğənnini və klipin rejissoru Melin Masukası məhkəməyə çəkən alman fotoqrafı Filip Paulyus iddia edir ki, məşhur hitin ekranlaşdırılmasında onun fotosessiyasının ideyalarından istifadə olunub.

“Copy-paste”- qarşı tərəfin intellektual əməyini mənimsəyən mexanizm və ya bir göz qırpımında oğruya çevrilənlər

Əslində, ideya oğrularından danışdıqda çox da dərinə gedib daha güclü dəlil-sübut, statistika axtarmağa gərək qalmır. İnternet məkanında jurnalistlərin hər gün rast gəldiyi ən elementar hadisəyə çevrilən bu oğurluğun əsasını təşkil edən əsas proses, qarşı tərəfin intellektual əməyini bir göz qırpımında mənimsəyən mexanizm - “Copy-paste” hər kəsə tanışdır. Bəs “Copy-paste” komandasını həyatlarının məqsədlərinə çevirənlərə, başqa beyinlərin məhsuluna şəxsi malı kimi yanaşanlara qarşı mübarizə mexanizmləri necə? Yalnız jurnalistika sahəsində deyil, ümumilikdə əqli qabiliyyət tələb edən bütün sahələrdə bu hüquqların təmin edilməsi üçün yaradılan hüquqi mexanizmlərlə hər kəs tanışdırmı?

Plagiat - şüurlu mənimsəmə

“Oğurlamaq” anlamını verən plagiat sözünün maraqlı izahı var: elm və incəsənətdə digər müəllifin yaradıcılığının, ideyasının şüurlu surətdə mənimsənilməsi. Şüurlu mənimsənilmə halları isə bu gün kifayət qədər geniş yayılan ciddi problemdir. Amma bu gün bütün sahələrdə deyil, əsasən informasiya texnologiyaları (İT) sahəsində baş verə biləcək risklər, ideya və İT şirkətini qorumaq üçün mövcud hüquqi mexanizmlərdən söhbət acacağıq. “Rabitə dünyası” bu məsələlərə “Remells” Hüquq şirkətinin partnyoru, təlimçi Rəşid Əliyevlə birgə aydınlıq gətirib.

Bəzi hüquqi mexanizmlərin tətbiqi hüquqların qorunmasına kömək edə bilər

“Remells” Hüquq şirkətinin partnyoru, təlimçi Rəşid Əliyev qeyd edir ki, bir çox İT şirkətlərin əsas aktivləri məhz onların yaratdığı əqli fəaliyyətin nəticələridir: “Bunlar da adətən əqli mülkiyyət hüquqları ilə qorunur. Dünya təcrübəsinə baxın. “Apple” və “Samsung” illər boyu məhkəmə çəkişmələrində olublar və hazırda da aralarında çəkişmələr davam edir. Bunların əksəriyyətinin mübahisə obyekti məhz əqli mülkiyyət obyektləridir. İT şirkətləri proqramlar yaradır ki, bunların da əksəriyyəti müəllif hüquqları kimi qorunur”. Mütəxəssisin sözlərinə görə, baxmayaraq ki, müəllif hüququnun yaranması üçün heç bir formallıq (misal üçün, qeydiyyat) tələb olunmur, ancaq bəzi hüquqi mexanizmlərin tətbiqi hüquqların qorunmasına kömək edə bilər: “Bunlardan, əlbəttə ki, qeydiyyatı misal gətirmək olar. Eyni zamanda hər hansı proqramıн yaradılmasında və maliyyələşdirilməsində iştirak edən şəxslərin arasında müqavilənin bağlanması da mühüm əhəmiyyət kəsb edir”.

Kommersiya sirrini etibar edəcəyin şəxslə müqavilə mütləqdir

Mütəxəssisin fikrincə, müqavilə bir tərəfdən hər hansı mülkiyyətin yaradılmasını bir növ təsdiq edir, digər tərəfdən, iştirakçılar arasında münasibətləri tənzimləyir: “İT fəaliyyətin nəticəsində digər əqli mülkiyyət hüquqları da yaranır, o cümlədən əmtəə nişanları və patentlə qoruna bilən ixtiralar. Əmtəə nişanlarının qeydiyyatı mütləqdir. Eyni zamanda ixtiralara müvafiq dövlət orqanından patent əldə etmək lazımdır ki, ixtira lazımi qaydada qoruna bilsin. Kommersiya sirləri də mühüm əhəmiyyət kəsb edir. Kommersiya sirrini qorumaq üçün mütləq kommersiya sirri ilə işləyən şəxslər arasında müqavilə olmalıdır”.

Dəqiqləşdirilməsinə ehtiyac olan məsələlər

Bəs ölkəmizdə bu sahə necə tənzimlənir? R.Əliyev Azərbaycanda əqli mülkiyyətin əsas növlərini tənzimləyən qanunların olduğunu deyir: “Ümumi götürsək, bu qanunlardan istifadə edərək şəxs öz hüquqlarını qoruya bilər. Ancaq bir sıra məsələlərin daha da dəqiqləşdirilməsinə ehtiyac var. Yaxşı olar ki, müəllif hüquqları haqqında qanunda açıqca qeyd edilsin ki, hüquqların lisenziyası barədə müqavilə qeydiyyata alınmalı deyil. Bu, bazar iştirakçıları üçün daha rahat olar. Yaxşı olardı ki, əmtəə nişanlarını tənzimləyən qanunda lisenziya müqavilələri daha ətraflı tənzimlənsin, o cümlədən açıqca sublisenziya müqavilələri nəzərdə tutulsun”.

İT şirkətlərin tez-tez rastlaşdığı ən ciddi problemlər

İT şirkətlərin tez-tez rastlaşdığı ən ciddi problemlərə də dıqqət çəkən mütəxəssisin sözlərinə görə, burada əqli mülkiyyət məsələləri mühüm əhəmiyyət kəsb edir: “Bir çox İT şirkətlərinin fikir verməli olduğu məsələlər bunlardır. Elektron kommersiya məsələləri də diqqət mərkəzində olmalıdır. Elektron xidmətlər və elektron kommunikasiyalar vasitəsi ilə mallar təqdim edən şəxslər bu sahədə qanunvericiliyə riayət etməlidirlər. O cümlədən onlar özləri barədə veb-səhifələrdə və ya digər elektron platformalarda istehlakçılara məlumat verməlidirlər”.

Tövsiyə: müqavilənin onlayn bağlanılmasını təsdiq edən sübutlar saxlanılmalıdır

R.Əliyev qeyd edir ki, elektron müqavilələrin bağlanmasında hüquqi məsələlər yaranır. O cümlədən bir sıra müqavilələr var ki, onların etibarlı olması üçün tərəflər bu cür müqavilələri gücləndirilmiş və təkmil sertifikatı ilə təsdiq olunan rəqəmsal imza ilə imzalamalıdırlar. Həmçinin elektron kommersiya ilə məşğul olan şirkətlər müqavilənin onlayn bağlanılmasını təsdiq edən sübutları saxlamalıdırlar.

İnternet iqtisadiyyatının yaratdığı problemlərin həlli üçün çevik hüquqi mexanizmlər mövcuddurmu?

Yeri gəlmişkən, mütəxəssislər internet iqtisadiyyatının inkişafının, o cümlədən elektron biznes mühitinin növbəti illərdə daha da sürətlənəcəyini proqnozlaşdırırlar. Bəs belə bir inkişaf özü ilə hansı problemləri gündəmə gətirə bilər? Bu inkişaf hansı hüquqi problemləri aktuallaşdırır? Bu gün internet iqtisadiyyatının yaratdığı problemlərin həlli üçün çevik hüquqi mexanizmlər mövcuddurmu? R.Əliyev bu suallara da aydınlıq gətirib: “Elektron iqtisadiyyat daim və sürətlə inkişaf edən sahədir. Əlbəttə, demək olmaz ki, dünyada icad olunan hüquqi mexanizmlər bu iqtisadiyyatdan irəli gələn bütün hüquqi məsələləri həll etmək üçün kifayətdir. Bu sahədə olan qanunvericilik daim inkişafdadır. Ancaq dünyada bu cür tənzimləmə sahəsində kifayət qədər təcrübə toplanmışdır. Azərbaycan da bu təcrübədən aktiv istifadə edir”.

“ABŞ dövləti Azərbaycandan internet vasitəsi ilə göstərilən xidmətləri tənzimləyə bilər, yoxsa yox?”

Onun sözlərinə görə, təcrübə göstərir ki, internet iqtisadiyyatının irəli gətirdiyi məsələlərdən biri məhz əqli mülkiyyət məsələləridir: “Digər bir problem “yurisdiksiya” məsələsidir. İnternet ona imkan verir ki, şəxslər asan şəkildə dövlətlərin fiziki sərhədlərini adlasınlar. Bir neçə illər bundan öncə heç təsəvvür etmək olmazdı ki, Azərbaycanda oturaraq ABŞ-da internet vasitəsi ilə xidmət göstərmək olar. Ancaq bu mümkündür. Nəticədə sual yaranır ki, misal üçün, ABŞ dövləti Azərbaycandan internet vasitəsi ilə göstərilən xidmətləri tənzimləyə bilər, yoxsa yox. Bu, mühüm məsələdir və buna asan bir cavab mövcud deyil. Hazırkı yanaşmam odur ki, bu məsələnin tənzimlənməsi konkret vəziyyətdən asılıdır”.

Qanun və qaydalar ziddiyyətli maraqlar arasında bir balans yaratmağa çalışır

Mütəxəssisin fikrincə, digər bir məsələ fərdi məlumatların qorunmasıdır: “İnternet dövründə bu məsələ bir qədər də çətinləşir. Fərdi məlumatların dövriyyəsi çox asanlaşır. Bunun, əlbəttə, müsbət tərəfi var. Məlumat, o cümlədən cəmiyyət üçün vacib olan şəxslər haqqında məlumat, cəmiyyət üçün lazımdır və cəmiyyət bundan bəhrələnir. Digər tərəfdən, şəxslərin fərdi məlumatlarının qorunması da əhəmiyyətli məsələdir. Qanun və qaydalar bir qədər ziddiyyətli bu maraqlar arasında bir balans yaratmağa çalışır”.

“Bu sahə də kifayət qədər qəlizdir”

İnternetin inkişafı ilə gündəmə gələn plagiatlığın qarşısının alınması üçün ölkəmizdə hüquqi mexanizmlər kifayət qədər təsirlidirmi? R.Əliyev bu gün üçün Azərbaycanda bu sahədə kifayət qədər hüquqi mexanizmlərin mövcud olduğunu deyir: “Xüsusən də 2012-ci ildə qəbul olunan Əqli Mülkiyyət Hüquqlarının Təminatı və Piratçılığa qarşı Mübarizə haqqında qanun böyük əhəmiyyət kəsb edir. Bu qanunda, o cümlədən məhkəmədə iddianın təmin edilməsi məsələləri tənzimlənir. İddianın təmin edilməsi institutu əqli mülkiyyət sahəsində çox vacibdir”. Onun sözlərinə görə, hüquqların pozulduğunu iddia edən şəxs məhkəmə araşdırması (məhkəmə prosesi uzun vaxt tələb edə bilər) bitənədək müvəqqəti tədbirlərin görülməsi üçün məhkəməyə müraciət edə bilər. Bu tədbirlər, misal üçün, əqli mülkiyyət obyektinin və ya üzərində əqli mülkiyyət obyekti olan əşyaların satışının və ya istifadəsinin dayandırılması barədə əmr ola bilər: “Əqli mülkiyyət sahəsində məhkəmələrin də təcrübəsi olmalıdır. Bu sahə də kifayət qədər qəlizdir. Burada hüquqi biliklərlə yanaşı, eyni zamanda texniki biliklər tələb olunur”.

Müəllif hüququ haqqında qanun məhkəməyə səlahiyyət verir ki...

Maraq doğuran suallardan biri də budur: günümüzün bu kimi aktual məsələləri üzrə məhkəmə çəkişmələri zərərçəkənin xeyrinə müsbət həll oluna bilirmi? Suala nikbin cavab verən R.Əliyev onların müsbət həll oluna bildiyini vurğulayır: “Bir qayda olaraq hüququ pozulan şəxs ona dəyən zərəri sübut etməlidir. Ancaq müəllif hüququ haqqında qanun məhkəməyə səlahiyyət verir ki, qanunu pozmuş şəxsdən 100 manatdan 55.000 manatadək məbləğində cərimənin tutulması haqqında qərar qəbul etsin. Bu, xüsusən də zərərin ölçülməsinin çətin olduğu hallarda faydalı olur”.

Şirkətlərin arzuolunmaz vəziyyətə düşməməsi üçün tövsiyələr

Mütəxəssis Azərbaycan təcrübəsində bu tipli çəkişmələr və mübahisələrə tez-tez rast gəlinmədiyini də deyir: “Deməzdim ki, Azərbaycan əqli mülkiyyət hüquqları və elektron kommersiya sahəsində məhkəmə işləri çoxdur. Ancaq buna baxmayaraq, münasibətlərin hüquqi çərçivədə rəsmиləşdirilməsi məqsədəuyğundur”. R.Əliyev şirkətlərin arzuolunmaz vəziyyətə düşməməsi üçün görə biləcəkləri qabaqlayıcı tədbirlərdən də söz açıb: “Xüsusən proqram təminatlarının yaradılması və maliyyələşdirilməsi haqqında müqavilələrin bağlanması, bəzi hallarda hüquqların qeydiyyatı məqsədəuyğundur və bir çox problemlərin qarşısını almaqda kömək edər”.

HƏQİQƏT

ihaqiqat@mail.ru

http://rabitadunyasi.info.az/News/?newsID=423&lang=az