I Respublika robot proqramlaşdırma müsabiqəsinin qalibləri mayın 6-da elan ediləcək

07 May 2014 02:26
I Respublika robot proqramlaşdırma müsabiqəsinin qalibləri mayın 6-da elan ediləcək

Azərbaycanda ilk dəfə keçirilən I Respublika robot proqramlaşdırma müsabiqəsinin final nəticələri mayın 6-da Qafqaz Universitetində elan ediləcək. Təşkilat komitəsindən qeyd edilib ki, əvvəlki mərhələdə komandaların proqramlaşdırma biliklərini yoxlamaq üçün onlayn yarış keçirilib.
Bunun nəticəsində ümumi proqramlaşdırma biliyi olan komanda seçilib və müsahibəyə dəvət olunub. Şərtlərə görə, qeydiyyatdan keçmiş və onlayn seçim müsabiqəsində ilk 10 yeri tutan komandalar yarışın final mərhələsində iştirak etməli idilər: “Seçim mərhələlərinə qatılan komandalardan 21-i bu haqqı qazandı və bu komandalardan 10-u finala vəsiqə qazandı.
Finala vəsiqə qazanmaq üçün komandalara verilən sualların cavabları müvafiq ballarla (hər sual 0-20 bal arası) qiymətləndirilib.
 
 Maksimum balı toplayan komandalar seçilib”. Finala vəsiqə qazanan komandalara “HappyRobotics”, “RoboOlimp”, MİM, “Master minds”, “Huggies”, “CreRobotative”, “ROBOSOFT”, “Frankenstein”, “BDU-tətbiqçi”, “Excalibur” daxildir. Müsahibədə qarşı tərəfə “İdarəetmə sistemləri (control systems/embedded systems) haqqında ümumi məlumatınız nədir?”; “Alternativ enerji mənbələrinin və yaşıl texnologiyanın tətbiqi ilə bağlı nə məlumat verə bilərsiniz?”; “Sənayedə istifadə olunan robot texnologiyaları haqqında nə məlumat verə bilərsiniz?”; “Lego kitlərindən hansı məqsədlər üçün istifadə olunur?”; “Azərbaycanda robot və robototexnikanın cari vəziyyəti haqqında nə məlumatınız var?”; “Özünüzü bu sahədə inkişaf etdirmək və bu istiqamətdə karyera qurmaq istəyirsinizmi?” sualları təqdim edilib. Suallara verilən cavablar “AzRoboHack” İdarə Heyəti tərəfindən qiymətləndirilib.
 
Qeyd edək ki, müsabiqə “AzRoboHack” Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin (QU İKTETM) təşkil etdiyi robot proqramlaşdırma yarışı layihəsidir. Layihənin məqsədi respublika universitet tələbəsinin potensialını ortaya çıxarmaq, tələbələrin az vaxtda çox iş görmək bacarığını inkişaf etdirmək, tələbələrin robototexnikaya olan marağını artırmaqdır. Layihə Azərbaycan universitetləri arasında bir ilkə imza atmaq, tələbələrin potensialını ortaya qoymaq, onların az vaxta çox iş görmək bacarığını inkişaf etdirmək, robototexnikaya olan marağını artırmaq, həmçinin ölkədə bu sahəyə olan diqqəti artırmaq məqsədilə reallaşdırılır. Yarış müddətində iştirakçılar təlimlər zamanı təyin edilmiş meyarlara cavab verən robot tətbiqləri hazırlamalıdırlar. Əsas məqsəd ölkəmizdə bu ilin "Sənaye ili" olmasını prioritet məsələ kimi dəyərləndirməkdir.

Hazırlanmış tətbiqlər müvafiq göstəricilərinə görə qiymətləndiriləcək. Buraya yenilikçilik, sənayeyə olan faydası, ətraf mühitə olan faydası, ölkənin İKT sahəsində nəzərdə tutula biləcək perspektivləri, robotun dizaynı, işin stabilliyi, alqoritmin stabilliyi, yazılan proqram təminatının səliqə və stabilliyi daxildir.  Münsiflərin dəyərləndirməsi əsasında ilk üç yeri tutan komandalar pul mükafatı qazanacaqlar.  Birinci yer üzrə 500 AZN və sertifikatlar, ikinci yer üzrə 300 AZN və sertifikatlar, üçüncü yer üzrə 200 AZN və sertifikatlar nəzərdə tutulur. Digər iştirakçılara həvəsləndirici mükafat və sertifikatlar təqdim ediləcək.

Mükafatlandırma mərasimi Qafqaz Universitetində təşkil edilən ənənəvi VI Gənclik Şənliyində həyata keçiriləcək və davamı olaraq hazırlanan robotların sərgisi təşkil ediləcək.

Həqiqət İSABALAYEVA

http://ictnews.az/read-30487-news-1.html