İnqilabçılara bax...

21 Feb 2014 16:57
İnqilabçılara bax...

Deyəsən, bizim keçmiş redaktorun sözü qurtarıb. İndi də fikir inqilabından danışır. 
Fikirlə inqilab etmək olar? Anam danışardı ki, mənim nənəm ömrüboyu fikir eləyib: uşaqları necə geydirəcəm, onları necə doyduracam, məktəbə necə göndərəcəm? Axırı nə oldu? Nənəm fikir çəkməkdən ölüb. İndi bizim redaktor da Qafqaz universiteti Texnoparkının direktoru İsa Qasımovla baş-başa verib yazır ki, fikir eləyin. Mən dünya görmüş adamam, bunlar isə mənə təzədən əlifba öyrətmək istəyirlər. Siz öyrətməkdə olun, mən də öz bildiklərimi yazıb camaatı oyandıracam. Mənim xalqım məni yaxşı tanıyır, bilir ki, onların zərərinə bir kəlmə də demərəm. İndi görək onlar sizə inanacaq, yoxsa mənə?

A balam, siz yüz fikrin bir borcu ödədiyini heç eşitmisiniz? Sizi bilmirəm, dədə-babalarımız eşitməyiblər. Mənim bildiyim həqiqət belədir: “gecə fikir, gündüz fikir, nə yurd salır, nə ev tikir”. İndi siz bizim ömründə bir yurd salmayan fikirə dalmağımızı niyə istəyirsiniz? Yurd salmayan, ev tikməyən fikirnən inqilab eləmək olar? Kimi aldadırsınız? Mən xalqımı çox istəyirəm, heç imkan verərəm ki, onları aldadasınız. Fikir eləyənin ömrü, nənəminki kimi qısa olur. Yəqin bunlar da bizim ömrümüzün qısalmasını istəyirlər.

Guya Texnoparkın inkubasiya mərkəzi elmi istehsalata tətbiq edilməklə yeni fikir inqilabı edəcək, bizimsə xəbərimiz yoxdu. Yox bir, inkubator cücələri Azərbaycana xoşbəxtlik gətirəcək. Xoruz yox idi, sabah açılmırdı? Elm hara, istehsalat hara? Elmnən iqtisadi inkişaf olsaydı, Elmlər Akademiyasındakı alimlər acından ölərdilər? Bizim Elmlər Akademiyasında o qədər elmi kəşflər olub, biz ondan xeyir görmüşük ki, indi Texnoparkın elmindən nəsə görək? Bir də ki, bizim neftimizə nə olub ki, düşüb Texnopark axtaraq? Allaha şükür neftimiz var, satırıq, qazandığımız pulla istədiyimiz şeyləri də alırıq. Nəyimizə lazımdır Texnopark qurmaq?

Görün bizim redaktor İsa Qasımovnan əlbir olub nə yazır: Dünayanın ehtiyacı olan texnoloji vasitələri Texnoparkın köməyi ilə Azərbaycanda istehsal etmək olar. Hörmətli oxucu, siz bu sözdən nə başa düşdünüz? Mən belə başa düşdüm ki, bunlar ikisi birləşib, bizi dünyanın qulu eləmək istəyirlər. Niyə dünyanın texnoloji vasitələrini biz düzəltməliyik? Bəyəm biz onların nökəriyik? Hazır elə Çin, Koreya düzəldir də, qoy onlar qul kimi işləsinlər, biz də pulumuzu verib lazım olan texnologiyanı alarıq. Yalan deyirəm? Baxın, Ərəbistanda, Dubayda Texnopark düzəldirlər? Yox. Amma hər şeyləri var. Adam kimi yaşayırlar. Mənim bildiyimə görə, Birləşmiş Ərəb Əmirliyinin paytaxtında işləyən ərəb tapmaq çətin məsələdir. Ərəblər hamısı çəkilib villalarına, xaricdən gələnlər isə yayın cırhacırında qan-tərin içində işləyirlər. Xaricilər işləyir, ərəblər isə yeyib yatırlar. Bizim özümüzdə də o qədər yeyib-yatan, əziyyət çəkmədən pul qazanan adamlar var ki... Elə kitayın düzəltdiyi bir kompyuter alıb, yaponun yazdığı proqramı ora yerləşdirib, avtomobillərə diaqnoz qoymaqla mən gündə 200-300 manat qazana bilərəm. Bunlar belə bir həyat təklif etmək əvəzinə, bizi oxumağa, işləməyə dəvət edirlər. A kişilər, heç gözlüksüz oxuyan adam görmüsünüz? Oxuyanların hamısının gözü xarab olur axı. Deməli, bunlar bizi kor eləmək istəyirlər. Kim aldanıb oxuyarsa, lap yaxşı, kor olacaq, kim aldanmasa, oxumayacaq, onları da aparıb eşşək kimi işlədib texnologiya düzəltdirəcəklər. İkicə dənə söz bilirlər: oxu və işlə. İkisi də adamın ömrünü qısaldır. Bunlarla qane olsaydılar, dərd yarı idi. Deyirlər ki, oxuyub işləməkdən vaxtınız olsa, fikirləşin, fikirlə inqilab edək. Bu qədər düşmənçilik olar? Bunlar Sabiri də danırlar. Sabir nə deyirdi: oxutmuram əl çəkin! İndi Sabirə inanaq, yoxsa bir redaktornan, bir texnopark aşiqinə?

Məncə bizim redaktorla İsa bəyin nəsillərini araşdırmaq lazımdır. Mütləq bunların qanında bir qarışıqlıq var. Yoxsa, bunlar niyə bu millətin axırına çıxmaq istəyirlər?

http://az.zaman.com.tr/az/columnistDetail_getNewsById.action?newsId=55953#.UwcvFRjAocs.facebook