BP Azərbaycanda intellektual kapitalın yaradılmasına dəstək verir

04 Mar 2019 12:12
BP Azərbaycanda intellektual kapitalın yaradılmasına dəstək verir

• Azərbaycanda innovativ ekosistemin gücləndirilməsinə töhfə
• Sahibkarlıqda yeni ideyaların və yanaşmaların formalaşmasına və inkişafına yardım
• Gənclərin texnologiya yönümlü biznes bacarıqlarının inkişaf etdirilməsinə dəstək
• Uğurlu biznes konsepsiyalarının və startapların təşviqi

 

Bu gün BP Azərbaycanda tələbələr arasında keçirilən innovativ texnologiya və biznes ideyalarının və startapların təşviqinə yönəlmiş müsabiqəyə dəstək verdiyini elan etdi. İnnovativ texnosahibkarlıq konsepsiyalarının və layihələrinin inkişafına dəstək olaraq hər il Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə “Yeni Fikir” startap müsabiqəsi keçirilir

 

Bu, 6-cı müsabiqədir və iki əsas məqsəd daşıyır – a) yeni ideyaların və layihələrin formalaşması və inkişafı; və b) mövcud startapların güclənməsi və təkmilləşməsi. Bu məqsədlərə nail olmaq üçün BP-nin maliyyələşdirdiyi layihə çərçivəsində müsabiqədən əvvəl və sonra mentorluq, təlimlər və seminarlar kimi bir sıra fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır. BP həmçinin müsabiqə iştirakçılarının komanda şəklində işləyərək yeni ideyalar formalaşdıra bilməsi və inkişaf edərək uğurlu startap layihələrinə çevrilə bilməsi üçün rəqəmsal avadanlıqlar və proqram təminatı ilə təchiz edilmiş İnkubasiya və Akselerasiya Mərkəzi də yaradacaq.

 

Müsabiqədə beş ən yaxşı ideya və layihə seçilərək qalib elan ediləcək və bu qalib komandalar xüsusi hazırlanmış inkubasiya və akselerasiya proqramları vasitəsilə BP-nin maliyyə dəstəyini almağa davam edəcək və öz startaplarını uğurlu sahibkarlıq imkanlarına doğru inkişaf etdirəcək.

 

Bu gün Bakıda keçirilmiş müsabiqənin açılış mərasimində çıxış edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Azərbaycanda BP-nin təhsil layihələrinin əsas məqsədlərindən biri ölkənin gələcəyi üçün güclü intellektual kapitalın yaradılmasına yardım etməkdir. Biz inanırıq ki, bu müsabiqə ölkənin innovasiya ekosisteminin güclənməsi üçün texnologiyaya və innovasiyaya meylli çox sayda insanın birgə işləməsi və öz intellektual bacarıqlarını və ambisiyalarını birləşdirməsi üçün böyük imkanlar yaradır. Yekun nəticədə bu layihənin yüksək texnologiyalara əsaslanan kiçik və orta sahibkarlıq səylərinə böyük təkan verəcəyini hesab edirik.

 

Gözlənilir ki, 400-dən çox iştirakçı arasından təxminən 150 startap müraciət edəcək. Yeni startapların və innovativ ideyaların cəlb olunmasına çalışmaqla yanaşı biz həmçinin mövcud uğurlu layihələrin daha da inkişaf etməsinə və öz səylərini kommersiyalaşdırmasına yardım edəcəyik. Bu məqsədlə xüsusi təlim proqramlarının keçirilməsi planlaşdırılır ki, bu proqramlar da startap komandalarının yeni yaradılmış İnkubasiya və Akselerasiya Mərkəzində birgə işləməsinə və öz innovativ konsepsiyalarını və layihələrini reallaşdırmaları üçün metodoloji əsaslandırılmış araşdırmaların və digər fəaliyyətlərin necə həyata keçiriləcəyini öyrənməsinə yardım edəcək.”

 

Layihənin dəyəri təxminən 118 000 AZN təşkil edir və layihənin müddəti səkkiz aydır (fevral-oktyabr 2019).

 

https://www.bp.com/az_az/caspian/press/pressreleases/helping_build_intellectual_capital_in_azerbaijan1.html