“Braille Pad” layihəsi ABŞ-ın qrant müsabiqəsində

19 Jan 2016 11:19
“Braille Pad” layihəsi ABŞ-ın qrant müsabiqəsində

Qafqaz Universiteti Texnoparkı tərəfindən təşkil olunan Yeni Fikir Müsabiqəsinin qaliblərindən “Braille Pad” layihəsi növbəti uğuruna imza atmışdır. Layihənin müəllifi Rəşid Əliyev 6-8 yanvar tarixləri arasında ABŞ-ın Missuri ştatının, Sent Lyuis şəhərinin icra hakimiyyəti və Arch Grants təşkilatının birgə dəstəyi ilə keçirilən çıxış etmişdir. Layihəni müvəffəqiyyətlə təqdim edən Rəşid bəy onun faydaları, iş mexanizmi, spesifik xüsusiyyətləri və layihə ərsəyə gətirilərkən istifadə olunan innovativ yanaşmadan bəhs etmişdir. Hazırda AMEA-nın İşlər İdarəsində çalışan Rəşid bəy həmçinin Sent Lyuis şəhərində yerləşən Vaşinqton Universitetinin və Missuri Elm və Texnologiyalar Universitetinin müəllim-professor heyəti ilə görüşdə iştirak edib, layihə ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub. Daha sonra R.Əliyev 8-9 yanvar 2016-cı il tarixlərində Nyu York Universitetində (NYU) də "Braille Pad" layihəsini təqdim edib.

 Nəzərinizə çatdırırıq ki, “Braille Pad”layihəsi Qafqaz Universiteti Texnoparkının (QUTexnopark) həyata keçirdiyi Yeni Fikir 2015 Müsabiqəsində dördüncü yeri qazanaraq ilkin investisiyanı əldə etmişdir və bunun ardınca qatıldığı yerli, həmçinin beynəlxalq tədbirlər vasitəsilə bir çox investorun marağına səbəb olmuşdur. Yeni Fikir Müsabiqəsi innovasiya sahibkarlığının inkişafına dəstək verən fəaliyyətdir. Qeyd edək ki, YFM 2016 bu yaxınlarda QU Texnoparkda Tədqiqat Mərkəzi  açmış Türkiyənin ən nüfuzlu İT şirkətlərindən olan Koç Sistem Azərbaycan kimi daha güclü tərəfdaşlarla reallaşdırılacağına görə layihənin ölkə startapları üçün yeni və daha böyük imkanlar təqdim edəcəyi gözlənilir. 

Əsmər Həşimli