İnnovativ düşüncələrin inkişafı istiqamətində qanunvericilik bazası təkmilləşdirilir

15 Dec 2015 23:41
İnnovativ düşüncələrin inkişafı istiqamətində qanunvericilik bazası təkmilləşdirilir

“Azərbaycanda innovativ iqtisadiyyatın, innovativ düşüncələrin inkişafı istiqamətində qanunvericilik bazasının təkmilləşməsi istiqamətində çalışacağıq”.

Xeberler.az-ın məlumatına görə, bunu millət vəkili Ziyad Səmədzadə bu gün Koç Sistem Azərbaycan şirkətinin qurduğu Tədqiqat Mərkəzinin açılış mərasimində bildirib.

O, vurğulayıb ki,  Qafqaz Universiteti yarandığı gündən innovativ düşüncələrin inkişaf etməsində böyük rol oynayıb: “Dünya miqyasında normal fəaliyyət göstərməyin şərtlərindən biri də rəqabətədavamlı sənaye sahəsini yaratmaqdır. Son illərdə bu istiqamətdə Azərbaycanda çox güclü işlər gedir. Dünyada baş verən qlobal sarsıntılara baxmayaraq Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir. 2016-cı ildə müstəqilliyimizin 25 ilini qeyd edəcəyik. 25 il ərzində həm başımıza çoxlu bəlalar gəldi. Buna baxmayaraq güclü yeni iqtisadi sistem, liberal münasibətlərə əsaslanan bazar iqtisadiyyatı qura bildik. Azərbaycanda innovativ iqtisadiyyatın, innovativ düşüncələrin inkişafı istiqamətində qanunvericilik bazasının təkmilləşməsi istiqamətində çalışacağıq”.

O, qeyd edib ki, Azərbaycanın gələcəyi sənayenin inkişafı istiqamətindən asılıdır: “Düşüncələrimizi sənayenin inkişafına yönəltməliyik. Kiçik, orta, iri müəssisələri yaratmaq lazımıdır ki, iş yerləri açılsın. Ən böyük sərvətimiz insan kapitalıdır və insan kapitalının formalaşması üçün sağlam şəkildə fəaliyyət göstərmək lazımdır”. 

Mirvari Nəcəf

http://xeberler.az/new/details/innovativ-dusuncelerin-inkisafi-istiqametinde-qanunvericilik-bazasi-tekmillesdirilir--14114.htm#