Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri tutmuş BethClip layihəsi Startup Azərbaycanın finalçısı oldu

08 Jul 2014 11:11
Yeni Fikir 2014 Müsabiqəsində birinci yeri tutmuş BethClip layihəsi Startup Azərbaycanın finalçısı oldu

Respublikamızda  İKT sektorunu inkişaf etdirmək, ən yaxşı internet və İT layihələrini üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etmək məqsədi ilə “Startup Azərbaycan 2014”-ün yekun final mərhələsi keçirilib.

Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz çıxış edərək “Startup Azərbaycan” layihəsi haqqında geniş məlumat verib.
Bu ilin aprel ayından müsabiqəyə start verildiyini deyən Osman Gündüz belə qeyd edib: “2 ay davam edən yarışmaya 47 layihə təqdim edilib. Qaydalara cavab verən 28 layihə müsabiqəyə buraxılıb. Layihələr qiymətləndirilməsi üçün ekspertlərə göndərilib və ekspertlər üçün xüsusi Qiymətləndirmə Cədvəli və Qiymətləndirmə Təlimatı hazırlanıb. 15 layihə birinci qiymətləndirmə nəticəsində yarımfinala çıxıb. İyunun 22-də yarımfinalçıların ekspertlər qarşısında pitç-sessiyaları olub. Hər bir yarımfinalçı öz layihəsi ilə bağlı 3 dəqiqəlik təqdimatla çıxış ediblər. Səkkiz ekspertin iştirakı ilə keçirilən bu cür qiymətləndirmə əsasında 6 layihə finala çıxaraq qalib gəlib”.
Tədbirdə ilk dəfə finalçılar (“Beth Clip”, “Butarek”, “İwork.az” “WEARn”, “Al-gətir”, “xercim.az”) da təqdim olunaraq, hər biri 3 dəqiqəlik qısa təqdimatla çıxış ediblər. Qaliblərə “CyberNet”, “SİNAM”, “Smart Systems” şirkətlərinin qiymətli hədiyyələri və diplomlar təqdim olunub.

Tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) naziri Əli Abbasov çıxış edərək, innovativ sahibkarlığa dəstək və onun inkişaf etdirilməsinin Azərbaycanda yürüdülən iqtisadi siyasətin vacib qolunu təşkil etdiyini vurğulayıb.

Daha sonra konfrans işini “Azərbaycanda Startup mühitinin (ekosisteminin) formalaşmasına dövlətin, özəl sektorun, fərdi investorların dəstəyi” mövzusu üzrə davam etdirib. Tədbir finala çıxan “startup”-larla investorların qapalı görüşü (pitç sessiya) ilə yekunlaşıb. 

Yeni Fikir 2014 Müsabiqəsində birincilik qazanmış BethClip layihəsi yarımfinal mərhələsini uğurla keçərək final mərhələsinə irəliləyib. Komanda üzvləri final mərhələsində 3 dəqiqəlik çıxış edərək iştirakçılara və investorlara layihəni tanıtmaq imkanı əldə etdilər. Layihə istər iştirakçılar, istərsə də investorlar tərəfindən böyük maraqla qarşılandı.