“Yeni fikir müsabiqəsi-2014”

20 May 2014 20:53
“Yeni fikir müsabiqəsi-2014”

Azərbaycanın qüruru ola biləcək layihəni üzə çıxardı

Qafqaz Universitetinin Texnoparkının təşki etdiyi “Yeni Fikir Müsabiqəsi 2014”ün (“YFM 2014”) final proqramında gördüklərimiz onu deməyə əsas verir ki, Qafqaz Universitetinin ölkə Prezidenti İlham Əliyevin sərəncamından irəli gələn məqsədlərin reallaşdırılması baxımından böyük xidmətləri var.
İsa Qasımov: “QUTechnopark” qurulduğu gündən etibarən Azərbaycanda sahibkarlığın və sənayenin inkişafını dəstəkləmək, eləcə də texnoparkda ekosistemin inkişaf etdirilməsi məqsədilə müxtəlif layihələr həyata keçirir.
ELVİN ƏLİYEV
115.05.2014 tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Texnologiyalar parkı haqqında” nümunəvi əsasnaməni təsdiq etdi. Bu əsasnamədə qeyd olunur ki, ölkə iqtisadiyyatının davamlı inkişaf və rəqabət qabiliyyətinin artırılması texnoparkın yaradılmasının əsas məqsədlərindən biridir. Eyni zamanda müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiyalar sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılması da “Texnologiyalar parkı haqqında” əsasnamənin məqsədləri sırasına daxildir. Bu mənada Qafqaz Universitetinin Texnoparkının (“QUTechnopark”) fəaliyyəti təqdir olunandır. Bu texnoparkın təşki etdiyi “Yeni Fikir Müsabiqəsi 2014”ün (“YFM 2014”) final proqramında gördüklərimiz onu deməyə əsas verir ki, Qafqaz Universitetinin ölkə Prezidenti İlham Əliyevin sərəncamından irəli gələn məqsədlərin reallaşdırılması baxımından böyük xidmətləri var.
Məlumat üçün bildirək ki, mayın 17-də “QUTechnopark”ın “YFM 2014” layihəsinin final mərhələsi keçirildi. Finala vəsiqə qazanan 10 layihə rəhbəri münsiflərə öz işlərini təqdim etdilər. Finalçıların çıxışları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Nəticədə münsiflər heyətinin yekun qiymətləndirməsinin nəticələrinə əsasən, real biznesə yaxşı ən yaxşı 5 layihə qalib elan olundu. Qalib layihəyə 10 min, ikinci yerin sahibinə 5 min, üçüncü yerin sahibinə isə 3 min manat mükafat təqdim olundu.
“Zaman-Azərbaycan”a YFM haqqında ətraflı məlumat verən “QUTechnopark”ın müdiri, YFM Layihəsinin rəhbəri, dos. İsa Qasımov bildirdi ki, “QUTechnopark” qurulduğu gündən etibarən Azərbaycanda sahibkarlığın və sənayenin inkişafını dəstəkləmək, eləcə də texnoparkda ekosistemin inkişaf etdirilməsi məqsədilə müxtəlif layihələr həyata keçirir. Onun sözlərinə görə, YFM də belə layihələrdən biridir. YFM məqsədləri haqqında da danışan İ. Qasımov qeyd etdi ki, əsas hədəfləri gənclər arasında sahibkarlıq yanaşmasının inkişaf etdirilməsidir. Onun sözlərinə görə, sözügedən müsabiqə müxtəlif sahələr üzrə yeni iş fikirlərinin inkişafına dəstək verir. Artıq ikinci ildir YFM-in keçirildiyini dilə gətirən müsahibimiz builki müsabiqənin bir çox yenilikləri ilə yadda qaldığını dedi: “Keçən il pul mükafatı yox idi. Amma bu il keçənilkindən fərqli olaraq YFM-in büdcəsi vardır və qaliblərə əlavə maliyyə vəsaiti təqdim olundu”. Həmsöhbətimiz YFM-ə gənclərin marağının daha da artdığını vurğuladı: “Biz birinci dəfə bu layihəni həyata keçirəndə 57 layihə təqdim olunduğu halda, bu il 229 layihə təqdim olunmuşdur. Bu da onu göstərir ki, YFM-ə olan maraq 4 dəfədən çox artıb”. İ. Qasımovdan onu da öyrəndik ki keçənilkindən fərqli olaraq, bu il onlara iş adamları da dəstək oldular: “YFM 2014”ə inverstorlar da dəstək verdilər. “QUTechnopark”a artıq şirkətlər yerləşib, fəaliyyət göstərirlər”. Müsahibimizdən onu da öyrəndik ki, YFM-ə təqdim olunan layihələr arasında dünya ikincisi olan layihələr də var: “Əvvəlki illərdən fərqli olaraq, builki layihələr daha real biznes layihələri idi. Hesab edirəm ki, yer tutmayan layihə sahibləri də öz bizneslərini qura biləcəklər”. YFM-ə ən çox gənclərin maraq göstərdiyini dilə gətirən İ. Qasımov bildirdi ki, Qafqaz Universitetinin texnopark qurmaqda əsas məqsədi universitet təhsilində səmərəliliyin artırılmasına nail olmaqdır: “Universitet təhsilinə texnopark dəstəyi verməklə inanırıq ki, Azərbaycanın həm ölkə daxilində, həm də regional inkişafına nail olacağıq”. Bu yaxınlarda “Start-up” Türkiyə proqramında iştirak etdiyini xatırladan müsahibimiz bildirdi ki, dünya ölkələrinə artıq nə neft, nə də qaz maraqlıdır: “Dünyanın inkişaf etmiş ölkələri yeni fikirlərə daha çox maraq göstərirlər. Bu o deməkdir ki, biz gənclərimizi nə qədər idea potensiallı, təşəbbüskar yetişdirsək, bu ölkənin inkişafı üçün, xüsusəndə sənaye ilində çox vacibdir”. “QUTechnopark”ın müdiri sonda onu da qeyd etdi ki, keçən ildə olduğu kimi, Qafqaz Universiteti “YFM 2014”ün qaliblərinə şirkətləşməsi üçün adıçəkilən ali təhsil ocağının İnkubasiya Mərkəzində bir il müddətində ofis, mentor, təlim dəstəyi verəcək.
Qaliblərin mükafatlandırma mərasimində çıxış edən münsiflər heyətinin sədri, “Yeni Həyat” Şirkətlər Qrupunun Direktorlar Şurasının üzvü Mədət Rüstəmov YFM-in Azərbaydanda bir yenilik olduğuna diqqət çəkərək, Qafqaz Universitetinə və YFM təşkilinə dəstək olan “İpək yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinə və Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyətinə (TÜSİAB) minnətdarlığını bildirdi. O həmçinin qeyd etdi ki, iş dünyası olaraq bu kimi layihələri həmişə dəstəkləyiblər.
“YFM 2014” haqqında təəssüratını “Zaman-Azərbaycan”la bölüşən münsiflər heyətinin üzvü, BG Şirkətinin AGT regionunda biznes inkişafı üzrə direktoru Kərim Məmmədov bildirdi ki, Azərbaycanda biznes mühitinin, texnologiyanın son inkişafı və gənclərin bu sahələrə daha çox maraq göstərməsi ilə əlaqədar olaraq, təqdim olunan layihələrin əksəriyyətinin müəllifi gənclərdir: “Layihələrin əksəriyyəti yüksək texnologiyalar sahəsinə aid idi. Xüsusən də, proqram təminatı sahəsinə aid layihələr daha çox üstünlük təşkil edirdi. Sənayeləşmə, inşaat sahəsi və digər sahələrə aid layihələr yox idi. Bu da onu göstərir ki, müasir gəncliyimiz yüksək texnologiyanın inkişafını yaxından izləyir. Və bu inkişafla ayaqlaşmağa çalışırlar”. K. Məmmədov layihələr arasında Azərbaycanın qüruru ola biləcək layihədən də danışdı: “Gənclərin “YFM 2014”ə təqdim etdiyi təyyarə layihəsi hesab edirəm ki, Azərbaycanın qüruru sayıla bilər. Çünki bu təyyarə 80 dəqiqə batareya ilə uçuş həyata keçirə bilir. Hansı ki, bu tip təyyarələr dünyada çox məhdud saydadır”. Azərbaycanlı gənclərin müəllifi olduğu təyyarənin üstünlüyündən də danışan müsahibimiz qeyd etdi ki, bu təyyarə daha yüngüldür və daha ucuz başa gəlir. Bu da ondan istifadəni rahatlaşdırır. 2014-cü ilin ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə sənaye ili elan olunmasına diqqət çəkən müsahibimiz bildirdi ki, YFM-də sənayəyönümlü layihələrin olması daha yaxşı olardı: “Gənclərimizin yüksək texnologiyalara maraq göstərmələri çox yaxşı haldır. Amma hesab edirəm ki, gənclər digər sahələrə aid layihələrlə də maraqlansa, daha yaxşı olar”. Layihələr arasında əsas seçim meyarlarından birinin layihənin potensialı ilə yanaşı, tətbiq olunma dərəcəsinin yüksək olması olduğunu dilə gərilən K. Məmmədov bildirdi ki, hər bir layihə yeni bir müəssisənin, iş yerinin açılması deməkdir ki, bu da ölkə iqtisadiyyatının inkişafına dəstəkdir.
“YFM 2014”ün qalibi Rəşid Əliyevin müsabiqə haqqında təəssüratlarının oxucularımız üçün maraqlı ola biləcəyini nəzərə alıb, onunla da həmsöhbət olduq: “YFM keçən il də keçirilmişdi. Bəzi səbəblərdən qatıla bilmədim. Çox obyektiv və müsbət bir müsabiqədir”. Münsiflərin qiymətlərdirməsindən də razı qaldığını dilə gətirən R. Əliyev bildirdi ki, onlar real layihəni seçdilər. Müsahibimiz onu da bildirdi ki, növbəti il YFM-ə elektrik enerjisinə qənaət edilməsindən bəhs edən layihə ilə qatılacaq: “Elektrik enerjisinə qənaət olunması haqqında layihəmin keçən il Sinqapurda təqdimatını etmişəm. Sadəcə, investor dəstəyi tapa bilmədiyim üçün o layihəni dondurdum. Növbəti il YFM-ə bu layihəmi təkmilləşdirib təqdim edəcəm. Ümid edirəm ki, bu layihəm də layiqli qiymətini alacaq”. R. Əliyev qalib layihəsi haqqında da ətraflı məlumat verdi: “Layihəm texnoloji avadanlıqlar arasında materialların kopiyalanması işinin yeni metodundan bəhs edir. Mən istənilən faylı heç bir əlavə avadanlığa ehtiyac olmadan texnoloji avadanlıqlar arasında eyni anda köçürməyin proqramını hazırlamışam”.
Məlumat üçün bildirək ki, “YFM 2014”-də I yerə “BethClip”, II yerə “TUNING FORK”, III yerə “Smartplane”, IV yerə “Antiviruslar.az “, V yerə “GriG” layihələri layiq görüldülər.