Azərbaycan Rumıniyada keçirilən Beynəlxalq “İnfoMatrix” Olimpiadasında iştirak edəcək

07 May 2014 11:48
Azərbaycan Rumıniyada keçirilən Beynəlxalq “İnfoMatrix” Olimpiadasında iştirak edəcək

Qafqaz Universitetinin İnformasiya Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəzi (İKTETM) Rumıniyanın Buxarest şəhərində keçiriləcək Beynəlxalq "İnfoMatrix" Olimpiadasında iştirak edəcək.

Mərkəzdən verilən məlumata görə, olimpiada "Lego" platforması üzərində yığılan "Sumo" robotları arasında olacaq. Hər bir robotun çəkisi 1 kq-dan artıq, eni və uzunluğu 15 sm-dən çox olmamalıdır. Ölkəmizi bu olimpiadada təmsil etmək üçün İKTETM müdiri Ümit İlhanın rəhbərliyi ilə nümayəndə heyəti artıq yola düşüb. Olimpiadada yarışçılar qismində isə Əsəd Məmmədov və Tərlan Bəkirli çıxış edəcəklər.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəzi 2010-cu ildən etibarən Qafqaz Universiteti nəzdində fəaliyyət göstərməkdədir. İKT Elmi Tədqiqat Mərkəzinin iş prinsipi İKT sahəsində araşdırmalar aparmaq, dünya təcrübəsini öyrənmək, ölkəmizdə tətbiq etmək üçün layihələr və elmi tədqiqat işləri hazırlamaqdan ibarətdir.

İKT Elmi Tədqiqat Mərkəzinin 2012-ci ilin başlanğıcından güc verdiyi sahələrdən biri də "Rototexnika" və "Süni İntellekt"dir. Bu sahənin inkişafı üçün İKT Elmi Tədqiqat Mərkəzində "Robotics & Sünu İntellekt" elmi tədqiqat qrupları yaradılıb.

Bundan başqa, mərkəz respublikada ilk dəfə olaraq robotlar üzərində olimpiada keçirtmək və elmi tədqiqat işi aparmaq üçün 25 ədəd "LEGO NXT" robototexnika alıb. İKT Mərkəzinin tədqiqat apardığı digər sahələr isə elektron dövlət, elektron ticarət, elektron idarəetmə, İT layihələrin idarəedilməsi, İT konsaltinq və s. İKT yönümlü sahələrdir. 

Həqiqət İSABALAYEVA