“Qafqaz” “Elektron universitet” layihəsini təqdim edib

05 Dec 2013 10:33
“Qafqaz” “Elektron universitet” layihəsini təqdim edib
“AzərNet” şirkəti ilə  Qafqaz Universitetinin birgə həyata keçirdiyi “Elektron universitet” layihəsinin təqdimatı keçirildi.
 

 Qafqaz Universitetində keçirilən tədbirdə universitetin rektoru Ahmet Saniç layihə haqqında məlumat verərək, bu proqramın Azərbaycanda təhsilin daha da inkişaf etməsində faydalı olacağını bildirdi: “Bildiyiniz kimi, bolonya sistemi tələbənin daha çox dərs seçməsinə şərait yaradır. Bu da müəllimin birdən artıq imtahan götürməsi deməkdir. Bunları köhnə sistemlə kağız üzərində tətbiq etmək hər zaman hesablamada çətinlik yaradırdı. Lakin hazırladığımız sistem bütün bu prosesləri avtomatik olaraq həyata keçirəcək. Biz bu layihənin Azərbaycanın digər universitetlərində də tətbiq olunmasını arzu edirik.  Onu da qeyd edim ki, bu proqram universitetimizin “Texno Park”ında inkişaf etdirilərək, distant təhsil üçün də əlverişli hala gətiriləcək”. Tədbirdə iştirak edən “AzərNet” şirkətinin nümayəndəsi  Anar Novruzov bu sahədə 10 illik təcrübəsi olan Qafqaz Universiteti ilə birgə əməkdaşlıqdan məmnun olduğunu ifadə etdi. Proqramın önəminə diqqət çəkən A. Novruzov “Elektron universitet” layihəsinin ölkədə gedən elektronlaşma sisteminin tərkib hissəsi olduğunu bildirdi: “Bizim məqsədimiz Qafqaz Universitetinin hazırladığı bu layihəni daha da inkişaf etdirərək, ticari məhsula çevirmək və layihənin həm Azərbaycanda həm də xarici ölkələrdə təsdiqinə nail olmaqdır”. Qeyd edək ki, proqramın gələcəkdə “smartfon” və “planşet” mobil telefonlara da tətbiq olunması nəzərdə tutulur.