“QUTechnopark”dan gənc təşəbbüskarlara ismarış: “Öz biznes ağacını yetişdir!”

28 Nov 2013 15:11
“QUTechnopark”dan gənc təşəbbüskarlara ismarış: “Öz biznes ağacını yetişdir!”

“Öz biznes ağacını yetişdir!” – Bu, müstəqil şirkətini qurmaq istəyənlərə “QUTechnopark”ın  (Qafqaz Universiteti Texnoparkı) ismarışıdır. Belə gənclər üçün yeni fürsətlər yaradan texnoparkın təşkil etdiyi “ Yeni Fikir Müsabiqəsi 2014” layihəsində qalib gələn 3 komandaya pul mükafatları ayrılıb. 1-ci yerə 10 000 manat;  2-ci yerə 5 000 manat,  3-cü yerə 3 000 manat verilməsi nəzərdə tutulur. “QUTechnopark”dan qeyd edilib ki, layihə əsasında ən yaxşı iş fikri seçiləcək ilk 5 komanda isə “QUTechnopark” İnkubasiya Mərkəzində 1 illik ofislə təmin olunacaq: “Bu və ya digər mükafatlar gənc təşəbbüskarları (StartUp-çıları) gözləyir. Ətraflı məlumatı   “www.yenifikir.az” veb-səhifəsindən əldə etmək olar”.

Qeyd edək ki, “Yeni Fikir Müsabiqəsi” (YFM) “QUTechnopark”ın təşkil etdiyi sahibkarlığa dəstək layihəsidir. Bu layihəni keçirməklə texnopark ölkədə sahibkarlığın inkişafına dəstək verir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəlməsinə səbəb olur. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.
YFM ildə bir dəfə keçirilir.

Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilərlər.
Müxtəlif sahələrdə təhsilin inkişafında innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti texnopark fəaliyyətində də Azərbaycanda yeniliyə imza atdı. Beynəlxalq təcrübəyə əsaslanaraq “QUTechnopark” formalaşdırıldı. YFM “QUTechnopark”ın həyata keçirdiyi müxtəlif  layihələrdən biridir.

Həqiqət İSABALAYEVA

http://ictnews.az/read-27775-news-1.html